Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasının müdiri, f.r.ü.f.d., dosent Rakib Əfəndiyevin “Öz-özünə qoşma olmayan Hill operatoru üçün düz və tərs məsələlər” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutu (RMİ) nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının iclasında rəylər dinlənilib. Rəsmi opponentlər - AMEA RMİ-in professoru Məmməd Bayramoğlu, Bakı Dövlət Universitetinin professoru Nizaməddin İsgəndərov, Bakı Biznes Universitetinin professoru Mahir Səbzəliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Nigar Aslanova çıxışlarında dissertasiya işi haqqında öz müsbət fikirlərini bildiriblər.
Elmi şura üzvləri aparılan tədqiqat işinin aktuallığından bəhs ediblər. Qeyd olunub ki, R.Əfəndiyevin təqdim etdiyi doktorluq dissertasiya işi 1211.01-Diferensial tənliklər ixtisasına tam uyğundur. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən riyaziyyat elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün doktorluq dissertasiyalarına qoyulan bütün tələbləri ödəyir və iddiaçı riyaziyyat elmləri doktoru elmi dərəcəsini almağa layiqdir.
İctimaiyyətlə əlaqələr şöbəsi