BMU-da “Yaşıl tədarük zənciri menecmenti” mövzusunda seminar

17 May 2024
BMU-da “Yaşıl tədarük zənciri menecmenti” mövzusunda seminar

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyat və idarəetmə fakültəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl tədarük zənciri menecmenti” mövzusunda elmi-metodiki seminar keçirilib.

Seminarı giriş sözü ilə açan fakültənin dekanı Nəsimi Kamalov Azərbaycanda keçiriləcək COP29 beynəlxalq konfransının əhəmiyyəti, həmçinin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması barədə danışıb.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində BMU-da təşkil olunan tədbirlərə diqqət çəkən dekan bu tədbirlərin bir hissəsi kimi keçirilən seminarların önəmini bildirib.

Sonra fakültənin elmi işlər üzrə dekan müavini İntiqam Bəşirov “Yaşıl tədarük zənciri menecmenti” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə tədarük zənciri, yaşıl tədarük zəncirinin idarəolunması, yaşıl satınalma, yenidən istifadə və s. kimi mövzulara toxunulub,  ətraf mühitə zərərin qarşısını alacaq istehsal fəaliyyətinin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, yaşıl tədarük zənciri menecmenti tətbiqinin inkişaf etdirilməsi üçün bilik və təcrübənin artırılması, texnoloji infrastrukturun təkmilləşdirilməsi, istehlakçıların məlumatlandırılması kimi vacib məqamlar vurğulanıb.

Seminar məruzə ətrafında müzakirələrlə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər