Bakı Mühəndislik Universitetinin (BMU) Elm və innovasiya məsələləri üzrə prorektorluğunun təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti elmi seminar keçirilib.
Seminarın aktuallığına diqqət çəkən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladıb. Prorektor Azərbaycanda ekoloji tarazlığın və ətraf mühitin qorunması, o cümlədən iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində milli, regional və qlobal səviyyədə aparılan işlərə dövlətimizin dəstəyi və töhfəsindən söz açıb. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) ölkəmizdə keçiriləcəyini deyən prorektor belə bir mötəbər və nüfuzlu tədbirin Bakıda baş tutmasının qlobal ictimaiyyətin Azərbaycana yüksək etimadı ilə yanaşı, həm də onun bu sahədə apardığı misilsiz xidmətləri ilə bağlı olduğunu vurğulayıb.
Memarlıq və inşaat fakültəsinin Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva da ölkəmizdə ekoloji problemlərin qarşısının alınması və həllinə böyük diqqət yetirildiyini bildirib. Eyni zamanda, bununla bağlı atılan konkret addımları nəzərə çatdırıb.
Sonra Ümumi fənlər kafedrasının müəllimi Rabil Mehtiyevin “Yaşıl dünya, bizim dünya” adlı məruzəsi dinlənilib. Məruzədə Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioriteti, bu prioritetlərdən biri olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” üzrə mühüm vəzifələr, həmçinin işğaldan azad edilmiş ərazilərdə, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması və bu istiqamətdə görülən işlərə toxunulub.
Məruzədən sonra çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildiriblər. Geniş fikir mübadiləsinin aparıldığı tədbirdə suallar cavablandırılıb və müxtəlif təkliflər səsləndirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi