Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Universitetin tələbə-müəllim heyətinin iştirak etdiyi tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub, bəşəri faciəni real faktlarla əks etdirən videomaterial izlənilib.
Tədbirdə çıxış edən rektor Yaqub Piriyev dünya tarixinə ən dəhşətli soyqırımı aktlarından biri kimi düşən Xocalı faciəsinin erməni millətçiliyinin yüz illər ərzində həyata keçirdiyi etnik separatizm, başqa xalqlara qarşı nifrət, terror ideologiyasının tükürpədən, insanlığa utanc gətirən nümunəsi olduğunu deyib. Bildirib ki, bu miqyasda faciənin əsas hədəfləri sırasında müqəddəs yurd yerlərimizi erməniləşdimək, həmçinin xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq dayanırdı.
Azərbaycan xalqının bu dəhşətli faciədən sonra öz gücünü itirmədiyini önə çəkən rektor 2020-ci ilin 27 sentyabrında Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ayağa qalxan xalqımızın ermənilərin işğalçılıq siyasətinə birdəfəlik son qoyduğunu vurğulayıb. Ötən ilin sentyabr ayında keçirilən antiterror əməliyyatlarından sonra Prezident İlham Əliyevin Xocalı şəhərində ucaltdığı bayrağımızın şəhidlər, o cümlədən soyqırım qurbanlarının qisasının alınmasının şanlı simvolu olduğunu bildirən Yaqub Piriyev genosidə məruz qalan günahsız insanların qanlarının yerdə qalmadığını, millət olaraq soyqırım faciəsini alnıaçıq, başıuca yad etdiyimizi söyləyib.
İnsanlıq tarixində misli görünməmiş faciədə qətl edilən məsum insanların xatirəsinin həmişə yad edilməsi ilə yanaşı, tarixi gerçəkliklərin də unudulmamasının vacibliyini dilə gətirən rektor Xocalı soyqırımına hüquqi-siyasi qiymətin ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdiyini nəzərə çatdırıb.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasında dayandığını vurğulayan rektor bu dəhşətli cinayətin beynəlxalq müstəvidə tanıdılmasında dövlətimizin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərindən ətraflı danışıb. Bildirib ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində sistemli və ardıcıl fəaliyyət göstərilib və faciə ilə əlaqədar dəhşətli faktlar bəşəriyyətin diqqətinə çatdırılıb.
Çıxışının sonunda Yaqub Piriyev düşməndən intiqam alınsa da, genişmiqyaslı qanlı terrorun dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd edib, bu məsələdə hər birimizin üzərinə düşən vəzifələrə toxunub.
Daha sonra BMU-nun ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva, kafedranın professoru Şikar Qasımov geniş məruzələrlə çıxış ediblər. Çıxışlarda Xocalıda erməni vandalizmi, xüsusi amansızlıqla həyata keçirilən zorakılıq aktı, maddi mədəniyyət abidələrinin məhv edilməsi məsələlərindən bəhs olunub, tarixi faktlara diqqət çəkilib. Həmçinin bu faciənin ilk olmadığı, azərbaycanlıların 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qaldığı bildirilib və 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərlə bütün bunlara son qoyulduğu vurğulanıb.
Tədbir tələbələrin ifasında “Faciədən doğan intiqam” adlı bədii-lirik kompozisiya ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi