BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

25 Aprel 2024
BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı, “Kapital Bank”ın sponsorluğu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi,  "STEAM Azərbaycan", həmçinin “Yeni Fikir” MMC-nin tərəfdaşlığı ilə “My technology” adlı layihəyə start verilir.

Ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri və müəllimlərinin iştirakı ilə keçiriləcək “My technology” layihəsi bilik iqtisadiyyatının tələb və gözləntilərinə uyğun olaraq sahibkar düşüncəyə malik insan kapitalının inkişafını təşviq edən və dəstəkləyən missiya daşıyır.

Layihə müəllim və şagirdlərin yerli təsərrüfat ixtisaslaşması və həyat tərzi, eləcə də qlobal miqyasda dünyagörüşü potensiallarına əsaslanan innovativ təşəbbüslərini inkişaf etdirərək, onları innovasiya ekosisteminə qoşulmağa həvəsləndirir.

2024-cü ilin aprel-iyun aylarını əhatə edəcək layihə çərçivəsində keçiriləcək müsabiqənin qalibləri “Kapital Bank” tərəfindən qiymətli hədiyyələr, BMU tərəfindən sertifikatlarla mükafatlandırılacaq. Müsabiqənin icraçı tərəfdaşı “Yeni Fikir” MMC isə müəllim və şagirdlərin fərdi inkişafı, eləcə də peşəkar portfoliosu üçün dəyərli imkanlar təqdim edəcək.

Layihə bu il 5 regionda (Abşeron-Xızı, Gəncə-Qazax, Dağlıq Şirvan, Quba-Xaçmaz və Naxçıvan) tətbiq olunacaq.

Müsabiqədə iştirak etmək istəyən şagird və müəllimlər layihələrini müvafiq link (ttps://forms.gle/4X2YLqY4q5eweHudA) üzərindən qeydiyyatdan keçirməlidirlər.

Qeydiyyat prosesi 2024-cü ilin may ayının 20-ə kimi davam edəcək.  

“My technology” müsabiqəsi ilə bağlı regionlarda məlumat sessiyaları və təlimlərin təşkili də nəzərdə tutulur.

Bundan başqa, yekunda hər bir regiondan müraciət edən perspektivli komandaların iştirakı ilə BMU-da hakaton tədbiri keçiriləcək və qaliblər mükafatlandırılacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər