Bakı Mühəndislik Universitetində (BMU) 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən BMU-nun Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri Uğur Əliyev mülki müdafiənin əsas məqsədi, həmçinin insanlar tərəfindən mülki müdafiə biliklərinin mənimsənilməsi, bu sahədə təbliğat səviyyəsinin yüksəldilməsinin əhəmiyyəti haqda məlumat verib. Profilaktik tədbirlərin təşkilindən də söz açan şöbə müdiri xüsusən təxliyə anlayışı, planı, eyni zamanda əhalinin yaranmış təhlükələrdən mühafizə olunması məqsədi ilə təhlükəsiz ərazilərə yerləşdirilməsi zamanı əsas qaydalar və onlara düzgün riayət olunması ilə bağlı prosesləri izah edib.
Ümumi fənlər kafedrasının baş müəllimi Yalçın Zeynalov mülki müdafiənin yaranma tarixi, beynəlxalq müstəvidə mülki müdafiə anlayışı və s. barədə zəruri məlumatları diqqətə çatdırıb.
Ümumi fənlər kafedrasının müəllimi Mir Ramin Yunusov isə “Azərbaycan Respublikasında böhran vəziyyətlərində idarəetmə. Müasir dövrdə mülki müdafiə” adlı təqdimatla çıxış edib. Natiq çıxışında əhalinin etibarlı mülki müdafiəsinin təmin edilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin görüdüyü işlər, qanunvericilik bazası, müasir erkən xəbərdarlıq sistemləri və s. haqda ətraflı danışıb.
Çıxışlardan sonra BMU əməkdaşları da cəlb olunmaqla, Abşeron rayonu üzrə universitetin ərazisində mülki müdafə üzrə təşkil olunmuş təlim videosu izlənilib.
Nəzəri və praktik hissədən ibarət olan tədbirin sonunda iştirakçılara təlim xarakterli şərti yanğın əsasında davranış qaydaları izah edilib, eyni zamanda universitetin mülki müdafiə üzrə manqası tərəfindən qısa müddət ərzində yanğının söndürülmə prosesi əyani nümayiş etdirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi