Bakı Mühəndislik Universitetində (BMU) 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin maliyyə-təsərrüfat işləri üzrə prorektoru Mikayıl Zeynalov Azərbaycanın 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvü olduğunu və onun bütün tədbirlərində fəal iştirak etdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə mülki müdafiənin başlıca vəzifəsi əhalinin mühafizəsi və təhlükəsizliyindən ibarətdir. Prorektor BMU-da əməkdaşların və tələbələrin mülki müdafiə sahəsində maariflənməsi istiqamətində mütəmadi tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Sonra çıxış edən BMU-nun yanğın təhlükəsizliyi və mülki müdafiə üzrə mühəndisi Uğur Əliyev mülki müdafiənin əsas məqsədləri, bu sahədə maariflənmənin önəmi haqda ətraflı danışıb. O, çıxışında profilaktik tədbirlərin təşkili, həmçinin əsas qaydalar və onlara düzgün riayət olunması ilə bağlı məsələlərə də toxunub.
Tədbirdə digər çıxış edənlər - Ümumi fənlər kafedrasının baş müəllimi Yalçın Zeynalov, kafedranın müəllimi Mir Ramin Yunusov əhalinin etibarlı mülki müdafiəsinin təmin olunması ilə bağlı dövlət səviyyəsində görülən işlər, mövcud qanunvericilik bazası, müasir erkən xəbərdarlıq sistemləri, habelə beynəlxalq müstəvidə mülki müdafiə anlayışı və s. barədə məlumat veriblər.
Çıxışlardan sonra BMU əməkdaşları da cəlb olunmaqla, Abşeron rayonu üzrə universitetin ərazisində mülki müdafə üzrə təşkil edilmiş təlim videosu izlənilib. Ardınca təlim xarakterli şərti ilkin tibbi yardım prosesi əyani nümayiş etdirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi