BMU-da Ulu Öndərin 100 illiyinə həsr edilmiş “Nitqin paralinqvistik xüsusiyyətləri” mövzusunda elmi seminar

06 Mart 2023
BMU-da Ulu Öndərin 100 illiyinə həsr edilmiş “Nitqin paralinqvistik xüsusiyyətləri” mövzusunda elmi seminar

Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin Azərbaycan dili və pedaqogika kafedrasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Nitqin paralinqvistik xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Fakültənin professor-müəllim heyəti və tələbələrin qatıldığı seminarda çıxış edən Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Təranə Hacıyeva tədbirin məqsədi və əhəmiyyətini önə çəkib, nitqimizi müşayiət edən jest, mimika, işarə və s. elementləri özündə cəmləşdirən paralinqvistik anlayışına aydınlıq gətirib.

Görkəmli dövlət xadimi Heydər Əliyevin yüksək danışıq qabiliyyəti və fenomenal natiqlik istedadından bəhs edən kafedra müdiri vurğulayıb ki, Ulu Öndərin nitqləri, çıxışları bədən dili elementlərinin ən dolğun və yerində istifadəsinə bariz nümunədir. 

Sonra adıçəkilən kafedranın baş müəllimi, psixoloq Hüseyn Xəlilov geniş məruzə ilə çıxış edib.

Məruzəsini Ulu Öndərin natiqlik qabiliyyəti, nitq mədəniyyətinin analizi üzərində quran H.Xəlilov bildirib ki, ümummilli lider Heydər Əliyev bütün çıxışlarında fikirlərini rəvan, aydın, səlis ifadə etməklə yanaşı, heç zaman assimetrik hərəkətlərdən istifadəyə yol verməyib. Güclü baxışa malik olan dahi şəxsiyyət başqaları ilə göz təması qurub ki, bu da ciddilik və diqqət hissini ifadə edir. Görkəmli siyasi xadim duruş, jest və üz ifadələri ilə yanaşı, vokal intonasiyasından istifadə etməsi ilə də tanınıb, eyni zamanda böyük cazibə qüvvəsinə malik, dərin, rezonanslı səsə sahib olub. Heydər Əliyevin bədən dilinin daha bir vacib elementi jestlərdən istifadədir ki, bu da dahi şəxsiyyətin böyük auditoriyalara müraciəti zamanı effektli təsir yaradıb.

Bədən dili ilə bağlı dünyada aparılan tədqiqat nəticələrini də seminar iştirakçıları ilə paylaşan pedaqoq məruzəsinin ardınca bədən dili və nitqin paralinqvistik xüsusiyyətlərini tələbələr üzərində nümunələrlə nümayiş etdirib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər