Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin “Ali təhsil müəssisələrində transdisipinarlıq strategiyaları ilə maarifləndirmə fəaliyyətinin təşkili” adlı layihəsi çərçivəsində seminar keçirilib.
Elm və Təhsil Nazirliyinin dəstək verdiyi layihəyə əsasən təşkil olunan ilk seminarda BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Ağasi Məlikov, Magistratura və doktorantura şöbəsinin müdiri, professor Mahir Bəşirov çıxış edərək, layihənin ali təhsil müəssisələrində biliyin istehsalı prosesində əsas dəyişikliklərin tədqiqini və təşviqini təklif etdiyini vurğulayıblar.
Təqdimatla çıxış edən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin eksperti Sevinc Ədilova fənlərarası əlaqə və münasibətlərin yenidən qurulması strategiyası, yeni biliklər istehsalının yollarının araşdırılmasından danışıb. Məruzəçi bu sahədə dünya ölkələri universitetlərinin təcrübəsinin, habelə fərqli ölkələrdə tətbiq olunan metodların öyrənilməsi, fənlərarası münasibətlər kontekstində yeni düşüncə tərzinə gedən yolun tapılması barədə geniş məlumat verib.
Müzakirələrlə davam edən seminarın yekununda iştirakçılara müvafiq çap materialları və sertifikatlar təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi