BMU-da tələbələrin ilk elmi-praktiki konfransı öz işinə başlayıb

14 Mart 2024
BMU-da tələbələrin ilk elmi-praktiki konfransı öz işinə başlayıb

Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin Avtomatika, telekommunikasiya  və energetika kafedrasının yaranmasının 5 illiyinə həsr olunan ilk elmi-praktiki konfransı öz işinə başlayıb.

Adıçəkilən kafedranın müdiri, professor Ramiz Hümbətov açılış nitqi ilə çıxış edərək, konfransın əhəmiyyətini vurğulayıb və gənc iştirakçılara uğurlar arzulayıb.

BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov universitetin elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. Belə bir konfransın keçirilməsinin  önəmindən bəhs edən prorektor ali təhsil ocağında mühəndislik ixtisaslarının üstünlük təşkil etdiyini önə çəkib, gənc alimlərin bu sahə üzrə yeni ixtiralar edəcəyinə, elmi məqalələr yazacağına inamını ifadə edib. Prorektor konfransın tələbələrin fərdi inkişafı, gələcək karyeralarının qurulması baxımından roluna da diqqət çəkib.

Universitetin Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev Avtomatika, telekommunikasiya və energetika kafedrasının son 5 ildə qazandığı nailiyyətləri nəzərə çatdırıb. Həyata keçirilən tədqiqat layihələrindən, aparılan elmi araşdırmalardan ətraflı danışan dekan gənc alimlərin yetişdirilməsi üçün atılan addımları da vurğulayıb və konfarnsın bu işə töhfə verəcəyinə inandığını deyib.

Elektrik və elektronika mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Rəşad Əliyev isə konfransda müzakirə olunacaq  aktual mövzular haqqında məlumat verib.

Sonra konfransda tələbələrin Avtomatika, telekommunikasiya və energetika kafedrasının müəllimlərinin elmi rəhbərliyi ilə hazırlanan məruzələrinin təqdimatına başlanılıb.

İki gün davam edəcək konfrans “Energetika”, “Radiotexnika və telekommunikasiya”, “Avtomatika, telekommunikasiya  və energetika” bölmələrini əhatə edəcək və  mühəndislik ixtisaslarında təhsil alan tələbələrin müxtəlif mövzularda elmi məruzələri dinləniləcək. Eyni zamanda tələbələrin hazırladıqları yeni qurğular barədə məlumatlar veriləcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər