Bakı Mühəndislik Universitetində (BMU) ”Maliyyə proqramlaşması və süni intellekt” mövzusunda master-klass keçirilib.
Tədbirdə çıxış edən Maliyyə və mühasibat kafedrasının müdiri professor Damət Bağırov maliyyə proqramlaşmasının həm nəzəri, həm də təcrübi əsasda tədrisinin ilk dəfə olaraq BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün aparıldığını deyib. Maliyyə proqramlaşmasının çərçivəsi excel bazasında qurulub və təcrübi əməliyyatlar üçün laboratoriya auditoriyası seçilib. Burada tələbələrə maliyyə proqramlaşmasının mahiyyəti, çərçivəsi, təcrübi əməliyyatları, eləcə də nəticələri barədə empirik təlimlər keçirilir. Maliyyə proqramlaşmasının dövlətin makroiqtisadi siyasət istiqamətlərini həyata keçirməkdə mühüm rol oynayan tədqiqat-təhlil sahəsi olduğunu fikirlərinə əlavə edən D.Bağırov proqramlaşmada hər bir sektor üzrə ayrı-ayrılıqda empirik əməliyyatlar aparıldığını, data analizi, həmçinin siyasət simulyasiyaları işlənildiyini, bu simulyasiyalar əsasında qısa, orta və uzunmüddətli siyasət çərçivələri, strategiyaların hazırlandığını vurğulayıb.
Sonra kafedranın dosenti Ağanemət Ağayev çıxış edərək maliyyə proqramlarının inkişafının təbii zərurətdən doğduğunu, əvvəllər sadə hesablama proqramları olsa da, müasir dövrdə böyük verilənlər analizi və süni intellektin tətbiq olunduğunu söyləyib. Bildirib ki, bu təcrübi biliklər iştirakçılara, o cümlədən tələbələrə makroiqtisadi pul və maliyyə axınlarının sektorlararası (real, fiskal, monetar və xarici sektorlar) sistemləşdirilməsi, təhlili, xüsusən də əsas makroiqtisadi hipotezlər (məsələn, xam neftin və təbii qazın ixrac qiyməti, valyuta məzənnəsi, uçot, vergi dərəcələri və s.) əsasında modelləşdirilməsi, habelə proqnozlaşdırılması bacarıqlarına yiyələnməyə imkan verəcək.
Süni intellektin maliyyə elminin öyrədilməsindəki rolundan bəhs olunan master-klasın sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi