BMU-da tələbələr üçün “Uğurlu düşüncə” adlı tədbir təşkil edilib

06 Mart 2025
BMU-da tələbələr üçün “Uğurlu düşüncə” adlı tədbir təşkil edilib

Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Həmkarlar İttifaqı  nəzdində fəaliyyət göstərən "Gənc tədqiqatçılar" klubunun təşkilatçılığı ilə “Kəşf et, öyrən, yarat!” layihəsi çərçivəsində “Uğurlu düşüncə” adlı tədbir keçirilib.

Tədbirdə “AzEstetik Group” şirkətinin təsisçisi və rəhbəri Fariz Məmmədov mövzu ilə bağlı təqdimatla çıxış edərək sahibkarlıq fəaliyyətinin hər bir insanda ilk öncə xəyal ilə başladığını, əzm, iradə, çalışqanlıq sayəsində isə reallaşdığını bildirib. Nailiyyətlər qazanmaqda özünə inam hissinin güclü olmasının vacibliyini vurğulayan natiq qazandığı təcrübəni, şəxsi uğurlarının sirrini tələbələrlə bölüşüb. O, kənardan mənfi rəylər və tənqidlərin qarşısına hədəflər qoyan  insanlara hər zaman ciddi maneələr yaratdığını vurğulayaraq belə düşüncələrin təsiri altına düşməmək üçün gənclərə bir sıra faydalı məsləhətlər verib.

Tədbirin digər qonağı psixoloq Ayşən Rəfiyeva isə “Psixologiyada ön mühakimə və onun həlli yolları” mövzusunda çıxış edib. O, cəmiyyətdə formalaşmış bəzi stereotiplərin zərərlərindən danışıb, insanın arzuları  qarşısına əngəllər çıxaran, şəxsi planlarına mənfi təsir göstərən   stereotiplərin ziddinə getməyin yollarını açıqlayıb.  

Sonda tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər