BMU-da tələbələr üçün “RPA texnologiyası” mövzusunda təlim təşkil olunub

27 Noyabr 2025
BMU-da tələbələr üçün “RPA texnologiyası” mövzusunda təlim təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Beynəlxalq Bankının (ABB) “Qoşa saat” layihəsi çərçivəsində tələbələr üçün “RPA texnologiyası” mövzusunda təlim keçirilib.

BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Mərkəzi ilə birgə təşkil olunan təlimdə ABB-nin Robotlaşdırılmış Proseslərin Avtomatlaşdırılması (RPA) üzrə funksional sahə rəhbəri Fərid Qasımov təqdimatla çıxış edib. O, RPA texnologiyasının mahiyyəti, müasir iş proseslərində yaratdığı yeni standartlar barədə ətraflı məlumat verib. Bildirilib ki, bu texnologiya ilk dəfə bank sektorunda tətbiq olunub, hazırda isə maliyyə, telekommunikasiya, neft və satış kimi müxtəlif sahələrdə də geniş istifadə edilir.

Təqdimatda RPA-nın funksiyaları, icra etdiyi iş növləri, həmçinin müxtəlif tip robot modelləri barədə danışılıb. Eyni zamanda  ABB-də tətbiq olunan RPA həlləri, istifadə edilən avtomatlaşdırma platformalarının imkanları və robotların bankın iş proseslərinə verdiyi töhfələr diqqətə çatdırılıb.

RPA sahəsində karyera qurmaq istəyənlər üçün vacib hesab edilən əsas bacarıq və istiqamətlərin də iştirakçılara təqdim olunduğu təlim çərçivəsində ABB-nin RPA üzrə kiçik mühəndisi Günay Məmmədova tələbələrin biliklərini qiymətləndirmək məqsədilə interaktiv sual-cavab mərhələsi keçirib.

Sonda yarışmanın qalibləri ABB-nin hədiyyələri ilə mükafatlandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər