BMU-da tələbələr üçün karyera təlimi

10 Aprel 2025
BMU-da tələbələr üçün karyera təlimi

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində “Karyera klubu”nun birgə təşkilatçılığı ilə “Karyera planlaşdırılması” mövzusunda təlim keçirilib.

Mühəndislik fakültəsinin tələbələri üçün təşkil olunan təlimdə açılış nitqləri ilə çıxış edən dekan Asif Quliyev, Müəssisələrlə əlaqələr və karyera mərkəzinin müdiri Gülçöhrə İbrahimova belə tədbirlərin iş həyatına başlamaq istəyən gənclərə faydalı olduğunu bildiriblər.   

Sonra təlimçilər- “Azərsun Holdinq”in işə qəbul mütəxəssisləri Mürsəl Mürsəlli və Orxan Yəhyayev  “Uğurlu personal, yoxsa doğru peşə? İnsan resurslarının eynəkləri ilə” mövzusunda çıxış ediblər.

Çıxışlarda doğru peşə seçiminin vacibliyi qeyd olunub, həmçinin işə qəbul prosesi, yeni iş mühitinə uyğunlaşmaq, ümumi karyera planlaşdırılması barədə məlumatlar diqqətə çatdırılıb. Eyni zamanda əmək fəaliyyətinə başlamaq üçün CV-lərin hazırlanması, müsahibə qaydaları haqqında zəruri məqamlara toxunulub. Linkedin profilinin yaradılması və onun üstünlüklərindən də danışan şirkət əməkdaşları öz iş təcrübələrini bölüşüb və tələbələrə bir sıra gərəkli tövsiyələr veriblər.

Sonda təlim iştirakçılarının suallarına aydınlıq gətirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər