Bakı Mühəndislik Universitetində (BMU) “Tea Talks” proqramı çərçivəsində “KPMG Azərbaycan” şirkətinin iştirakı ilə Karyera Günü keçirilib. Tədbir Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və BMU Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Mayis Əzizov tədbirin mahiyyəti ilə bağlı iştirakçıları məlumatlandırıb. Sənaye-universitet əməkdaşlığı, o cümlədən müəssisələr ilə tələbələr arasında keçirilən görüşlərin əhəmiyyətinə diqqət çəkən dekan, bu tip tədbirlərin təşkilinin tələbələrin karyerası və inkişafı üçün faydalı olduğunu bildirib. O, “KPMG Azərbaycan” ilə birgə gerçəkləşdirilən karyera tədbirinin də bu prosesə təsirsiz ötüşməyəcəyini fikirlərinə əlavə edib.
“KPMG Azərbaycan”ın audit meneceri Vüqar Məmmədov şirkətin fəaliyyəti, strategiyası və iş prinsipini əks etdirən geniş təqdimatla çıxış edib. Bildirilib ki, adıçəkilən qurum “Böyük dördlük” audit şirkətlərindən biri olan qlobal mühasibat şirkətləri şəbəkəsinə daxildir. Şirkət bir çox bank və maliyyə təşkilatlarına, o cümlədən iqtisadiyyatın tikinti, neft-qaz, telekommunikasiya kimi aparıcı sektorlarındakı müəssisələrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərməkdədir.
Təqdimatla bağlı tələbələrin sualları ətraflı cavablandırıldıqdan sonra BMU-nun MBA, Maliyyə, Mühasibat uçotu və audit, Biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan III və IV kurs tələbələri üçün ingilis dilində imtahan təşkil edilib. İmtahanlarda yüksək nəticələrlə fərqlənən tələbələrin gələcəkdə şirkətdə işlə təminatı nəzərdə tutulur.
İctimaiyyətlə əlaqələr şöbəsi