BMU-da “Teknofest Azərbaycan” festivalı barədə məlumatlandırıcı tədbir keçirilib

26 Yanvar 2022
BMU-da “Teknofest Azərbaycan”  festivalı barədə məlumatlandırıcı tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) bu ilin 26-29 may tarixlərində Azərbaycanda keçiriləcək “Teknofest Azərbaycan” festivalı barədə məlumatlandırıcı tədbir təşkil olunub.

Tədbirdə Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest”in Azərbaycanda keçirilməsinin əhəmiyyəti vurğulanıb, istedadlı gənclərin və tələbələrin bu yarışda iştirakının  önəmi qeyd olunub. Bildirilib ki, beynəlxalq status daşıyan “Teknofest”in məqsədi aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği ilə yanaşı,  festival çərçivəsində gerçəkləşdirilən yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Sonra tədbirdə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (Azerbaijan Robotics Engineering Academy-AREA) təsisçisi Rəhman Rəsulzadə “Teknofest Azərbaycan” haqqında geniş təqdimatla çıxış edib. O, Azərbaycanda baş tutacaq festival çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan iştirakçıların texnologiya müsabiqələrinə qatılacağını söyləyib.

 Festivalda müxtəlif kateqoriyalar (“Baku Skills”, “Smart Qarabağ” hakatonu, Model peyk “Cansat”, “Yaşıl” texnologiyalar, “Rocket League” oyunu üzrə Avropa Kuboku, Aqrar texnologiyalar, Pilotsuz uçuş aparatları, Sosial yönümlü texnologiyalar, Robotexnika və Planer) üzrə keçiriləcək texnologiya müsabiqələri haqqında zəruri informasiyalar da tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Həmçinin, yarışların mükafat fondu, qiymətləndirmə prosesi və mentorlardan da bəhs edilib.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Festivalla bağlı ətraflı məlumatı https://www.teknofest.az/az/ saytı, həmçinin TEKNOFEST Azərbaycan təlimat kitabçası (PDF) vasitəsilə əldə etmək olar.  

“Teknofest” festivalı “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. Azərbaycan ilk dəfə 2021-ci ildə bu festivalda iştirak edib.

 

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər