Bakı Mühəndislik Universitetində (BMU) Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən ödənişli əsaslarla təhsil alan tələbələr və fakültələrin bu sahə üzrə məsul şəxsləri üçün infosessiya təşkil edilib.
Təhsil tələbə krediti ilə bağlı mövcud mexanizmlərin izahı və tələbələrin dolğun məlumatlarla təmin edilməsi məqsədi daşıyan tədbirdə TTKF-nin əməkdaşı Günay Xəlilova qurumun fəaliyyət istiqamətləri, tətbiq olunan kredit modelləri (sosial və standart kreditlər), kreditlərin verilmə şərtləri, müraciət platforması, elektron sistem üzrə addımlar, sənədləşmə tələbləri və geri ödəniş prinsipləri barədə ətraflı informasiyalar təqdim edib.
Çıxışlarda artıq geniş tələbə kontingentinin yararlandığı sistemin təhsilə əlçatanlığın artırılmasına verdiyi töhfələr xüsusi vurğulanıb. Qeyd edilib ki, dövlət tərəfindən həyata keçirilən bu uğurlu və səmərəli mexanizm təhsil imkanlarının genişləndirilməsi və gənclərin akademik inkişafının dəstəklənməsi istiqamətində mühüm rol oynayır.
İnfosessiyada tələbələrin və universitet əməkdaşlarının sualları cavablandırılıb, müraciət zamanı tez-tez rast gəlinən məsələlər müzakirə olunub. Belə görüşlərin tələbələrin birbaşa məlumatlandırılması baxımından əhəmiyyəti önə çəkilərək, gələcəkdə də TTKF ilə bu yöndə əməkdaşlığın davam etdiriləcəyi bildirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi