BMU-da şəxsi inkişaf və karyera planlaşdırmasına həsr olunan təlim keçirilib

09 Mart 2022
BMU-da şəxsi inkişaf və karyera planlaşdırmasına həsr olunan təlim keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun (Google Developer Students Club-Google DSC) və universitetin Elm və innovasiya şöbəsinin birgə təşkilatçılığı ilə təlim keçirilib.

Tədbirdə Elm və innovasiya şöbəsinin müdiri Elçin Yusubov Google DSC haqqında məlumat verib və “Google” şirkəti tərəfindən yaradılan proqramın əsas məqsədlərini nəzərə çatdırıb. Ötən dövrdə BMU üzrə Google DSC-nin fəaliyyətinə toxunan E.Yusubov klub tərəfindən silsilə tədbirlərin davam etdirildiyini bildirib.

Sonra Biznesin inkişafı üzrə menecer Nailə Mikayılbəyli “Şəxsi inkişaf və karyera planlaşdırması” mövzusunda təqdimatla çıxış edib. O, bu kimi təlimlərin hər bir tələbənin peşəsi ilə əlaqədar planlarında önəmli əhəmiyyət kəsb edən mövzuları özündə birləşdirdiyini və tələbələrdə öz şəxsi inkişafları ilə bağlı analiz etmə bacarığının formalaşdırdığını söyləyib. Bildirib ki, şəxsi inkişaf insanın özünü tanımasını, nöqsanlarını aşkar edib müəyyən olunan hədəflərə çatmasını qarşısına məqsəd qoyan, eləcə də insanı motivasiya edərək məqsədinə yaxınlaşdıran texnikalar və strategiyalar toplusudur. N.Mikayılbəyli təqdimatında şəxsi inkişafın qaydaları, karyera və onun mərhələləri, karyera irəliləməsində şəxsiyyət tipləri, karyera məqsədlərinin müəyyən edilməsi, müasir iş axtarma üsulları barədə danışıb.

Daha sonra şəxsi brendinq məsləhətçisi Kəmalə Rövşən “Şəxsi Brendinq 103” mövzusunda çıxış edib. Bildirib ki, şəxsi brendinq insanın təcrübə, bilik, qabiliyyət və bacarıqlarının müxtəlif insan qrupları tərəfindən qavranılmasıdır. Təlimçi təqdimatında şəxsi brendiqin insan həyatına təsiri, şəxsi brendinq üçün alətlər və s. məsələlər barədə tələbələrə məlumat verib və bununla bağlı öz təcrübələrini bölüşüb.

İnteraktiv formada baş tutan tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər