BMU-da “SABAH.lab” Akselerasiya Mərkəzinin təqdimatı keçirilib

12 Noyabr 2021
BMU-da “SABAH.lab” Akselerasiya Mərkəzinin təqdimatı keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) universitetin Elm və innovasiya şöbəsi, Texnopark və Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “SABAH.lab” Akselerasiya Mərkəzinin təqdimatı keçirilib.

“SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı çıxışında qeyd edib ki, qurum Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitunun (ARTİ) nəzdində yaradılmış yeni və innovativ startap akseleratordur. Mərkəzin əsas fəaliyyət istiqamətləri sırasına iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsi daxildir.

Təqdimatlarda spiker qismində mərkəzin baş əməliyyat direktoru Adil Qasımov, BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Elçin Yusubov, BMU Texnoparkının baş mütəxəssisi Arif Nəcimov çıxış ediblər.

Qeyd olunub ki, “SABAH.lab” çərçivəsində 6 aylıq intensiv inkişaf proqramı mövcuddur və bu startapların qurulmasına, eləcə də inkişafına xidmət göstərəcək. Bu xüsusi proqramın yaradılmasında “NY Times”-a görə Avropada sahibkarlıq ruhuna görə 1-ci, dünyada isə 8-ci sıralamada olan “IE Business School” birbaşa iştirak edib. Proqram çərçivəsində ideyaların təkmilləşdirilməsi, eyni anda xarici və yerli mentor dəstəyi, təmannasız kovörkinq, potensial investorlarla görüş və netvörkinq, investisiya imkanları əldə etmək mümkündür.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Qeyd edək ki, proqrama həm fərdi, həm də komanda şəklində müraciət etmək olar. Fərdi şəkildə müraciət edən şəxslərə komanda quruculuğunda və ideya seçimində dəstək göstəriləcək. Bu işdə “IE Business School” tərəfindən hazırlanmış ideya bankı dəstək olacaq. Komanda şəklində müaricət etmək istəyən şəxslər isə artıq tam hazır komandaya malik olmalıdır və qərar verdikləri ideya ilə bağlı əsaslandırıcı hesablamalar, xarici və yerli bazardan nümunələr təqdim edəcəklər. Proqrama https://sabahlab.edu.az/ saytı vasitəsilə müraciət etmək olar.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər