BMU-da müəllim və tələbələr üçün növbəti təlim keçirilib

05 Aprel 2021
BMU-da müəllim və tələbələr üçün növbəti təlim keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin təşkilatçılığı ilə növbəti təlim təşkil olunub.

Müəllim və tələbələr üçün nəzərdə tutulan təlim  BMU- nun müəllimi, Biznes təlimçisi, Yaddaş Texnikaları üzrə təlimçi, Azərbaycanda ilk dəfə “Super Yaddaş” layihəsinin rəhbəri, “14 gündə Super Yaddaş” kitabının müəllifi Elnur Rəhimov tərəfindən keçirilib.

E. Rəhimov “Yaddaş texnikaları ilə öyrənməyi mənimsəyin” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, yaddaş texnikalarını öyrənməklə insanlar keçmişdəki və yeni kəşf olunmuş metodlara yiyələnəcək, bunu dərslərdə və gündəlik həyatlarında tətbiq edə biləcəklər.

O, beyin təliminə giriş, beynin potensialı, öyrənmə-yaddaş-beyin arasındakı əlaqə, beynin yorulmasını öyrənmək üçün lazım olan beyin dalğa frekanslarının yaradılmasının yolları, beyin üçün lazım olan qidalar, öyrənmə əsnasında duyğulardan necə istifadə edilməsi, sağ və sol beynin vəzifələri, birlikdə işlədilməsinin öyrənilməsi, dünyaya gələrkən beynimizdə var olan öyrənmə proqramı, “Hipokamp”ı işə salmağın qaydası, beynin həyatımız və  davranışlarımız  üzərindəki rolu, beyin üzərində aparılan araşdırmalar və nəticəsi barədə təlim iştirakçılarına ətraflı məlumat verib. 

Təlim zamanı E. Rəhimov beyin xəritələrindən də söz açıb. Təlimçi simvollar, açar sözlər, kodlar, şifrələr və rənglərdən istifadə edərək beyin fırtınası ilə fikirlərin ortaya çıxarılmasını, nizama salınmasını təmin edən, dərs danışan zaman bir müəllimin, yaxud  bir natiqin, iclas aparan bir şirkət rəhbərinin, kitab yazmaq istəyən yazıçının və s. istifadə edə biləcəkləri çox gözəl, əyləncəli bir metod olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, təlim iştirakçıları öyrəndikləri texnikalar və əldə etdikləri biliklər nəticəsində istədikləri hər bir məlumatı mənimsəməyin yolunu, xarici dildə olan sözləri, həmçinin kitab, məqalə, elmi əsər oxuduqları zaman önəmli məlumatları, istənilən uzunluqdakı ədədləri, habelə telefon nömrələrini yadda saxlamağın yolunu öyrənəcəklər. 

Təlim iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

                                                                   

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər