Bakı Mühəndislik Universitetində (BMU) “Neytrinonun kütləsinin aşağı sərhədinin qiymətləndirilməsi” mövzusunda növbəti elmi seminar keçirilib.
Seminarların təşkili, əhəmiyyəti və mövzunun aktuallığı ilə bağlı Fizika kafedrasının müdiri, dosent Razim Bayramlının fikirlərindən sonra AMEA-nın müxbir üzvü, professor Vəli Hüseynov mövzu üzrə məruzə ilə çıxış edib.
Məruzədə müasir fizikanın və kosmologiyanın ən mühüm problemlərindən olan neytrino və antineytrinonun kütləsinin təyini, kütlənin dəqiq qiyməti, neytrinonun varlığı haqda danışılıb. Həmçinin hazırda dünyanın müxtəlif elmi laboratoriyalarında neytrino və antineytrinonun kütləsinin təyin olunmasına dair aparılan eksperimentlər, onların nəticələri haqda geniş məlumat verilib.
Kvant sahə nəzəriyyəsinə əsaslanan şəxsi tədqiqatlarından da bəhs edən natiq bu araşdımalar əsasında neytrino və antineytrino kütləsinin aşağı sərhədini qiymətləndirdiyini, kütlənin enerji vahidləri ilə təqribən milyonda bir elektron voltdan yuxarı olduğu qənaətinə gəldiyini diqqətə çatdırıb.
Seminar məruzə ilə bağlı müzakirələrlə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi