Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaş kimi iştirak etdiyi, Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linkopinqs Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlər və oyun dizaynı magistr proqramlarının hazırlanması (MAGnUS)” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində “Mobil Tətbiqlər və Oyun Dizaynı” ixtisası üçün laboratoriya təşkil edilib. Artıq fəaliyyətə başlayan laboratoriyanın yaradılmasında məqsəd universitetin informasiya texnologiyaları və yaxın fənlərin tədrisi ilə məşğul olan müəllimlərin, eləcə də BMU-da bu sahədə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılmasıdır. Bununla yanaşı, Bolonya prinsiplərinə uyğun, müasir tələblərə cavab verən “Mobil tətbiqlər və oyun dizaynı” magistr proqramını hazırlamaqla İnformasiya Texnologiyaları (İT) tədrisinin keyfiyyətini yaxşılaşdırmaq və İT məzunlarının məşğulluğunun artırılmasına dəstək olmaq əsas məqsədlərdən biridir.
Laboratoriyanın təşkilində BMU-nun Kompüter və informasiya texnologiyaları kafedrasının müdiri, dosent Babək Abbasovun rəhbərliyi ilə kafedranın əməkdaşları da fəal iştirak edib.
Müasir tələblərə cavab verən avadanlıqlara malik laboratoriya, eyni zamanda mobil tətbiqlərin hazırlanması üçün lazımlı tətbiqi proqram paketləri və emulyatorlarla təchiz edilib.
3D oyun tətbiqlərinin dizaynı, test edilməsi üçün xüsusi video kart və digər xüsusiyyətlərə malik kompüterlərin tələb edilməsi nəzərə alınaraq, laboratoriyanın istifadə istiqamətləri oyun, qrafika olan yüksək xarakteristikalara malik müasir kompüterlərlə təchizatı həyata keçirilib. Virtual reallıq (VR) və artırılmış reallıq (AR) mühitləri üçün tərtib edilmiş tətbiqlərin test edilməsi məqsədilə laboratoriyada uyğun VR avadanlığı da mövcuddur.
Mobil tətbiqlərin hazırlanması ixtisaslaşmasının tədris proqramına baza fənlərindən başqa proqrama mobil tətbiqlər üçün istifadəçi interfeyslərinin hazırlanması (UI/UX dizayn), mobil tətbiqlərin dizaynı və hazırlanması, çoxlu mühitlərdə işləyən tətbiqlərin hazırlanması və s. belə fənlər daxil edilib.
Oyun dizaynı ixtisaslaşmasının tədris proqramında isə baza fənlərindən əlavə android, ios mühitləri üçün oyun tətbiqlərin dizaynı və hazırlanması, oyun tətbiqləri üçün interfeyslərin hazırlanması (UI/UX dizayn), oyun assetlərinin hazırlanması və s. bu kimi fənlər yer alıb.
Laboratoriya BMU-nun tələbə və müəllimlərindən əlavə “Mobil Tətbiqlər və Oyun Dizaynı” ilə maraqlanan şəxslər üçün müxtəlif məzmunlu təlimlər də təşkil etməyə hazırdır. Laboratoriyanın nəzdində təşkil olunacaq müxtəlif məzmunlu təlim və seminarların keçirilməsinə BMU-nun peşəkar, İKT sahəsində təcrübəli müəllimləri cəlb edilib.
Cari ildə BMU-nun nəzdində sözügedən laboratoriyadan başqa digər Erasmus+ KA2 layihələr çərçivəsində laboratoriyaların da təşkili nəzərdə tutulub ki, bu istiqamətdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektorluğu tərəfindən işlər aparılmaqdadır.
İcra müddəti 2019-2021-ci illəri əhatə edən “MAGNUS” layihəsi haqqında daha ətraflı məlumatı https://magnus2020.org/ linkindən əldə etmək mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi