BMU-da “Milli həmrəyliyimiz-əbədi müstəqilliyimiz” adlı bayram tədbiri keçirilib

27 Dekabr 2021
BMU-da “Milli həmrəyliyimiz-əbədi müstəqilliyimiz” adlı bayram tədbiri keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Milli həmrəyliyimiz-əbədi müstəqilliyimiz” adlı tədbir keçirilib.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov dünya azərbaycanlılarının birliyi ideyasının 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürüldüyünü, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü kimi qeyd olunmasının təklif edildiyini diqqətə çatdırıb. Rektor Ulu Öndərin Azərbaycan Prezidenti kimi 1993-cü ildə imzaladığı Fərmanla Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunduğunu, Ümummilli Liderin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının ilk qurultayının keçirildiyini, növbəti ildə müvafiq sərəncamla Diasporla İş üzrə Dövlət Komitəsinin yaradıldığını xatırladıb.

Həmrəylik Gününün dünya üzrə sayı 50 milyonu keçən bütün azərbaycanlıların bayramı olduğunu deyən rektor 2021-ci ildə soydaşlarımızın ilk dəfə müstəqilliyimizin bərpasının 30-cu ildönümünü qalib ölkənin nümayəndələri kimi qürurla qeyd etdiklərini söyləyib. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının əsl birlik və həmrəylik nümayiş etdirdiyini nəzərə çatdıran Havar Məmmədov bildirib ki, bu gün hər bir vətəndaşımız, xaricdə yaşayan soydaşlarımız müzəffər xalqın övladları kimi tarixdə ən qüdrətli dövrünü yaşayan Azərbaycan dövlətinə sahib olmaqlarını fəxrlə vurğulayırlar.

Başa vurmaqda olduğumuz 2021-ci ildə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq müstəvidə tarixi Qələbəmizin daha da möhkəmlənməsi istiqamətində atılan mühüm addımları sadalayan rektor şanlı Zəfərimizdən sonra dövlətimizin öz resursları hesabına azad edilmiş torpaqlarda böyük quruculuq işləri həyata keçirdiyini, 2022-ci ilin doğma Qarabağımızın sürətli bərpası ili kimi tarixdə yerini alacağına əminliyini ifadə edib.

İl ərzində BMU-da gerçəkləşən yeniliklərdən danışan Havar Məmmədov çıxışının sonunda universitet kollektivini və tələbələri qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Universitetin Bədii yaradıcılıq bölməsinin təşkilatçılığı ilə tələbələrin ifasında mahnılar səsləndirilib, müxtəlif səhnəciklər və rəqslər nümayiş olunub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi 

Digər xəbərlər