Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının doktorantı, Mərakeş Krallığının vətəndaşı Rania Rouggani Merzoukinin “Ultrarelyativistik elektronlar və neytrinolar kristallardan keçərkən neytrino-elektron qarşılıqlı təsirləri” (Neutrino-electron interactions when ultrarelativistic electrons and neutrinos pass through crystals) mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
“2211.01-Bərk cisimlər fizikası” və “2212.01-Nəzəri fizika” ixtisaslarında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsinın alınması ilə bağlı dissertasiya işinin təqdimatında R.R.Merzouki aldığı nəticələrin elementar zərrəciklər fizikası, bərk cisimlər fizikası, kosmologiya və geofizika sahələrində tətbiq olunma və həmin sahələrdə, o cümlədən nəzəri fizika sahəsində aparılan tədqiqatlarda istifadə olunma imkanlarını vurğulayıb. Eyni zamanda əsas nəticələrlə iştirakçıları tanış edib və onların suallarını cavablandırıb.
Dissertasiya işinin müzakirəsində BMU-nun Pedaqoji fakültəsinin dekanı, dosent Seyran Qayıbov, Magistratura və doktorantura şöbəsinin müdiri, professor Mahir Bəşirov, Riyaziyyat-informatika kafedrasının müdiri, dosent Hümbət Əliyev, Fizika kafedrasının müdiri, dosent Razim Bayramlı rəylərini bildiriblər. Müzakirələrdə, həmçinin doktorantın elmi rəhbəri AMEA-nın müxbir üzvü Vəli Hüseynov, Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun baş elmi işçisi, professor Rauf Cəfərov və kiçik elmi işcisi Nərmin Ələkbərova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi fizika kafedrasının dosenti Namiq Niftiyev, Fizika İnstitutunun aparıcı elmi işçisi Elçin Cəfərov iştirak ediblər.
Sonda təqdim olunan dissertasiya işinin növbəti mərhələyə buraxılması tövsiyə olunub və doktoranta növbəti mərhələlərdə uğurlar arzulanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi