BMU-da “Maliyyə Günü-2021” tədbiri və yeni kitabın təqdimat mərasimi keçirilib

29 Dekabr 2021
BMU-da “Maliyyə Günü-2021” tədbiri və yeni  kitabın təqdimat mərasimi keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində ötən semestrin nailiyyətlərini qiymətləndirmək məqsədilə ənənəvi “Maliyyə Günü-2021” tədbiri və “Rəqəmsal keçid və elmi texnoloji inkişafın sürətləndirilməsi zəruriliyi” kitabının təqdimat mərasimi keçirilib.

Fakültənin dekanı, dosent Mayis Əzizov 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb. Təhsil alanların semestr fəaliyyətlərinin qiymətləndirilməsi baxımından bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini önə çəkən  M.Əzizov tələbələrə payız semestrinin qış imtahan sessiyasında uğurlar arzulayıb. O, tələbə və məzunların yüksək təhsil, karyera nailiyyətlərinə də toxunub.

Sonra 2020/2021-ci tədris ilinin yaz semestrində akademik qiymətləndirmənin nəticəsinə görə yüksək nailiyyət qazanmış tələbələrin adları açıqlanıb. Maliyyə ixtisası üzrə ən yüksək ortalama göstəricisi olan 4-cü kurs tələbəsi Şahnaz Hüseynova ixtisas birincisi elan edilib.

Birinci yeri tutan tələbələrə təşəkkürnamə və hədiyyələr təqdim olunub.

Daha sonra Maliyyə kafedrasının professoru Saleh Məmmədovun müəllifi olduğu “Rəqəmsal keçid və elmi texnoloji inkişafın sürətləndirilməsi zəruriliyi” kitabının təqdimatı baş tutub.

Mərasimdə çıxış edən S.Məmmədov öncə BMU-nun ölkədə fəaliyyət göstərən universitetlər sırasında öz birinciliyini qoruyub saxladığını, burada çalışan mütəxəssislərin daima fərqləndiyini vurğulayıb. Professor BMU-da tədris planları, tədris materialları və dərsliklərin ən yeni texnologiyalara uyğun tərtib olunduğunu deyib.

Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların əsas hədəfinin Azərbaycanı inkişaf etmiş ölkələr siyahısına çatdırmaq olduğunu bildirən S.Məmmədov bu istiqamətdə müvafiq işlərin görüldüyünü vurğulayıb. Professor rəqəmsal texnologiyaya keçidin hər bir ölkənin iqtisadi və siyasi inkişafında böyük əhəmiyyət kəsb etdiyini deyərək rəqəmsal keçidin üstünlüklərindən danışıb.

S.Məmmədov müəllifi olduğu kitabda bütün sahələrdə və beynəlxalq münasibətlərdə rəqəmsal keçidin uğurla başa çatdırılmasının araşdırıldığını bildirib. Nəşrdə elmi və texnoloji inkişafın yüksək səviyyəyə qaldırılmasının konkret konsepsiyası verilib və bu məqsədlə dünya tarixində ilk rəqəmsal müharibədə - 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm qələbəsində elm və texnologiyanın rolu göstərilib. Bununla yanaşı, kitabda rəqəmsal keçidin süni intellektin məhsulu olmasına baxmayaraq, onun da insan amili ilə sıx əlaqədə olduğu nəzərə çatdırılıb. Eyni zamanda, rəqəmsal keçid prosesində çoxsaylı yeni elmlər və ixtisaslar üzrə kadr hazırlığına başlanması zərurəti də əsaslandırılıb.

BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov maliyyə ixtisasının universitetdə özünəməxsus yer tutduğunu bildirib, bu ixtisasla bağlı tədbirin keçirilməsini yüksək qiymətləndirib. Prorektor, eyni zamanda, tələbələrə professor S.Məmmədovun ərsəyə gətirdiyi bu dəyərli kitabı oxumağı tövsiyə edib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər