BMU-da “Maliyyə Günü-2019”

11 Dekabr 2019
BMU-da “Maliyyə Günü-2019”

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində ötən semestrin nailiyyətlərini qiymətləndirmək məqsədilə ənənəvi “Maliyyə Günü-2019” tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Maliyyə kafedrasının müdiri, i.ü.f.d. Füzuli Əliyev Maliyyə ixtisasında təhsil alan tələbələrin akademik və sosial nailiyyətlərini daim izlədiklərini və diqqətdə saxladıqlarını bildirib. O, tələbə və məzunların yüksək təhsil və karyera nailiyyətlərindən bəhs edib, bununla qürur duyduğunu söyləyib.

BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov Maliyyə ixtisasının universitetdə özünəməxsus yeri olduğunu qeyd edib. O, BMU məzunlarının ölkəmizin ən nüfuzlu şirkətlərində işlədiklərini vurğulayıb. Prorektor tələbələrə akademik karyera qurma istiqamətində tövsiyələr verib, bunun üçün ölkədə yaradılan imkanlardan söz açıb.

 İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Mayis Əzizov çıxışında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti, eyni zamanda tələbələrin semestr fəaliyyətlərinin qiymətləndirilməsinin vacibliyi barədə danışıb. O, tələbələrə dərslərlə yanaşı, sosial-ictimai fəaliyyətlərdə də aktiv olmağı tövsiyə edib.  

Çıxışlardan sonra semestrlik orta müvəffəqiyyət göstəricisinə görə 2018/2019-cu tədris ilinin yaz semestrində hər qrup üzrə ilk üç yeri tutan tələbələr elan edilib və birinci yeri tutan tələbələr mükafatlandırılıb. Maliyyə ixtisası üzrə 98.83 balla ən yüksək ortalama göstəricisi olan 4-cü kurs tələbəsi Kəmalə Quluzadə ixtisas birincisi elan edilib. Birinci yeri tutan tələbələrə hədiyyələrlə yanaşı, sertifikatlar da təqdim olunub. 

Daha sonra F. Əliyev müəllimlərin və tələbələrin biliyinin qiymətləndirməsi ilə yanaşı, hər semestr tələbələrin də anketlə müəllimləri qiymətləndirdiyini bildirib. 2018/2019-cu tədris ili anketinin nəticələrinə görə, ən yaxşı nəticəsi olan 3 müəllim elan edilib və ilk yeri tutan Aybəniz Heydərova təltif olunub.

Sonda Maliyyə ixtisasının (ingilis sektoru) 4-cü kurs tələbəsi İsa Zeynal çıxış edərək Maliyyə data analitikası, startap və tələbə sahibkarlığı haqqında məlumat verib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər