Bakı Mühəndislik Universitetində (BMU) “Kommunikasiyanın aktual məsələləri” adlı elmi seminar keçirilib.
Tədbirdə İnformasiya və kompüter texnologiyaları fakültəsinin əməkdaşları, Azərbaycan dili və pedaqogika kafedrasının müəllimləri, həmçinin tələbələr iştirak ediblər.
Seminarı giriş sözü ilə açan kafedranın müdiri Təranə Hacıyeva bildirib ki, tədbir “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrisi çərçivəsində təşkil olunub. O, müəllim-tələbə münasibətlərinin müasir pedaqogikanın əsas istiqamətlərindən biri olduğunu önə çəkərək, bu münasibətlərin səmərəli qurulmasının tədris prosesinin keyfiyyətinə və tələbələrin şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərdiyini deyib.
Sonra kafedranın müəllimi Nərmin İbrahimova “Müəllim-tələbə münasibətlərinin pedaqoji və psixoloji aspektləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə yetkin insanların öyrənmə metodlarını tədqiq edən andraqogikanın prinsipləri, psixososial-inkişaf nəzəriyyəsi, uğurlu münasibətlərin formalaşmasında müəllimlərin rolu, habelə tələbələrin vəzifələri barədə məlumat verilib. Qeyd olunub ki, sosial-emosional bacarıqların inkişafı, daxili və xarici motovasiyanın düzgün istiqamətləndirilməsi, pedaqoji ünsiyyət, empatiya, qarşılıqlı hörmət bu münasibətlərin əsasını təşkil edir.
İnteraktiv müzakirələrlə davam edən seminarda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi apararaq müəllim və tələbə arasında səmərəli kommunikasiyanın tədris prosesində qarşılıqlı anlayışın, inamın, motivasiyanın formalaşmasında mühüm rol oynadığını bildiriblər. Belə elmi seminarların kommunikativ mədəniyyətin, pedaqoji münasibətlərin, tədris prosesində qarşılıqlı anlayışın möhkəmlənməsinə, həm müəllimlərin, həm də tələbələrin peşəkar və şəxsi inkişafına töhfə verdiyi vurğulanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi