Bakı Mühəndislik Universitetində (BMU) tələbələrlə iş adamlarının "Karyera brendini yarat" adlı növbəti görüşü keçirilib.
Universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı, BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Logistika” Klubunun dəstəyi ilə baş tutan tədbirdə departamentin direktoru Gülçöhrə İbrahimova görüşün mahiyyəti haqda məlumat verib, eləcə də iş adamlarının tələbələrlə keçirilən sorğu əsasında müəyyənləşdiyini bildirib.
Sonra Azərbaycan Korporativ İş Adamları Birliyinin (AKİAB) direktoru Vəfadar Babayev, “Rafa Group” MMC-nin təsisçisi Zaur Vəliyev, “Destec Group” MMC-nin rəhbəri Sakit Səmədov, “Lovely Dent” stomatoloji estetik klinikanın təsisçisi Xəyal Səmədov və digərləri şəxsi təcrübə əsasında iş dünyasında uğurlu olmağın sirləri ilə bağlı çıxış ediblər. Çıxışlarda hədəflərin müəyyənləşdirilməsi, məqsədin reallaşdırılması, ideyanın biznesə çevrilməsi və marka kimi tanıdılması, karyeraya gedən yolda ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, komanda formalaşdırlması kimi məsələlərə toxunulub. Həmçinin iş həyatında rast gəlinən çətinliklərin dəf edilməsi, sahibkarlıq bacarıqlarının inkişafı, biznes strategiyalarının düzgün qurulması ilə əlaqədar tələbələrə tövsiyələr veriilib.
Görüş tələbələri maraqlandıran sualların ətraflı cavablandırılması ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi