Bakı Mühəndislik Universitetində (BMU) “ASAN xidmət”in “Gələcək üçün bacarıqlar” layihəsinin IV “TUSİ” İnkubasiya proqramı ilə bağlı infosessiya keçirilib.
İnfosessiyada öncə qurumun İnnovasiyalar Mərkəzinin direktor müşaviri Ləman Əhmədova 2021-ci ilin aprel ayından həyata keçirilən layihə və bu çərçivədə reallaşdırılan müxtəlif proqramlar haqqında məlumat verib. Bildirib ki, belə proqramların icrası innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi məqsədini daşıyır.
Sonra “Gələcək üçün bacarıqlar” layihəsinin meneceri Nərmin Kərimova çıxış edib. O, layihənin üstünlüklərindən, innovativ ideyalarını inkişaf etdirmək istəyən gənclərə yaratdığı imkanlardan, tələbələrə startaplarının hazırlanması üçün verilən geniş dəstəkdən danışıb.
İnfosessiyada, həmçinin layihə çərçivəsində indiyədək 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edildiyi, 2 mindən çox tələbə tərəfindən 181 startap ideyasının təqdim olunduğu və 98 startap komandasının formalaşdırıldığı diqqətə çatdırılıb, eləcə də IV “TUSİ” İnkubasiya proqramı haqqında ətraflı informasiyalar verilib. Qeyd olunub ki, bu proqram gənclərə texnoloji sahədə öz potensialını üzə çıxarmaq, yaradıcı ideyalarını, qabaqcıl təşəbbüslərini ortaya qoymaq, gələcək bizneslərini inkişaf etdirmək, yeni zirvələrə çatmaq fürsəti yaradır. Tədbirdə proqram vasitəsilə gənclərə peşəkar dəstəyin veriləcəyi, bir sıra təlimlər keçiriləcəyi, mentor şəbəkəsinin yaradılacağı vurğulanıb, habelə proqramda iştirak prosedurları izah olunub.
Əlavə edilib ki, IV "TUSİ" İnkubasiya proqramına qoşulmaq istəyənlər https://gub.icenter.az/home linki vasitəsilə qeydiyyatdan keçməli və tələb olunan müraciət formasını doldurmalıdırlar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi