Bakı Mühəndislik Universitetində (BMU) “İslamda qadınların hüquqları” adlı elmi seminar keçirilib.
Tədbirdə mövzu ilə bağlı təqdimatla çıxış edən Memarlıq və inşaat fakültəsinin Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva islamda qadın haqlarına yanaşma, ümumilikdə qadına baxışla bağlı diqqət çəkən məqamları vurğulayıb. İslam dininin əsas qayələri, başlıca motivlərinə toxunan kafedra müdiri qadın hüquqlarını Azərbaycan və türk dünyasının tanınmış siması, fenomenal şəxsiyyətlərdən biri Əhməd bəy Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsərinə istinadən izah edib.
Yüksək əxlaqi dəyərləri təcəssüm etdirən islamda bərabərliklə yanaşı, ədalətlilik prinsiplərindən də danışan natiq orta əsrlərdə Şərq qadınları, həmçinin Nizami Gəncəvinin əsərlərində qadın obrazları kimi məsələlərdən bəhs edib.
Hümeyrə Mustafayeva ölkədə təhsilin inkişafına hərtərəfli dəstək göstərən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dini abidələrin, məscidlərin bərpası üzrə həyata keçirdiyi genişmiqyaslı işləri nəzərə çatdırıb.
Sonra Ümumi fənlər kafedrasının dosenti Qafar Ocaqlı məruzə ilə çıxış edib. Məruzədə tarixboyu qadınlara qarşı edilən haqsızlıqlar, qadına şiddət, islamaqədərki dinlərdə qadın hüquqlarına yanaşmalar, müxtəlif qədim inanclarda qadına münasibət kimi önəmli istiqamətlərə yer ayrılıb.
Seminar müzakirələrlə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi