Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: Problemlər və perspektivlər” adlı II beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.
İqtisadiyyat, eləcə də idarəetmə sahəsində çalışan alimlər, tədqiqatçılar ilə dövlət və özəl sektor işçilərini bir araya gətirmək, aparılan yeni və fərqli araşdırmaları, düşüncələri bölüşmək, rast gəlinən problemlərə birgə həll yolu tapmaq məqsədi daşıyan konfransda Azərbaycanda fəaliyyət göstərən əksər universitetlərin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra institutlarının tədqiqatçıları iştirak edir.
BMU-nun rektoru, professor Havar Məmmədov konfransın Prezident cənab İlham Əliyevin 60 illik yubileyinə təsadüf etdiyini vurğulayıb və universitetin kollektivi, tədbir iştirakçıları adından ölkə rəhbərimizin ünvanına ən xoş, səmimi təbriklərini çatdırıb. Prezident cənab İlham Əliyevin 18 illik hakimiyyəti dövründə ölkəmizin sürətli inkişaf yolu keçdiyini, bu müddət ərzində qazanılan möhtəşəm nailiyyətlərin zirvəsində 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbənin dayandığını bildirən rektor ümummilli lider Heydər Əliyevin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” fikirlərini xatırladıb. Havar Məmmədov bildirib ki, 18 illik dövr xalqın öz gələcək taleyini Ulu Öndərimizin siyasi varisi cənab İlham Əliyevə etibar etməsində yanılmadığını birmənalı şəkildə isbatladı. Azərbaycanın heç vaxt tarixdə bu qədər güclü və qüdrətli olmadığını vurğulayan rektor 60 yaşını ərazi bütövlüyü təmin olunmuş ölkənin, qalib xalqın Prezidenti kimi qeyd edən cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağımızda aparılan quruculuq işlərini nəzərə çatdırıb.
Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatmasının və sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının yeni nailiyyətlərlə müşahidə olunduğunu bildirən Havar Məmmədov ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasından söz açıb, dövlət proqramlarının və regional layihələrin müvəffəqiyyətlə icra olunduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlaya bilib, yoxsulluğun səviyyəsi kəskin aşağı düşüb, dövlət büdcəsinin gəlirləri artıb. Bununla yanaşı, uğurla həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişib, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, iş yerlərinin açılması naminə sistemli tədbirlər görülüb.
Prezident cənab İlham Əliyevin son vaxtlar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzaladığı sərəncamlara toxunan rektor tələbə, doktorant və magistrantların təqaüdünün artırılması barədə sənədlərin ölkədə təhsil almaq istəyən gənclərə dövlət qayğısının növbəti təzahürü olduğunu vurğulayıb. Təhsil Tələbə Krediti Fondunun yaradılmasından da danışan rektor bunun ölkədə təhsil haqqını ödəyə bilməyən tələbələrə ciddi şəkildə böyük dəstək olacağını diqqətə çatdırıb.
Rektor çıxışının sonunda konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.
BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov konfransın çox aktual mövzuya həsr olunduğunu bildirib. Konfransın əlamətdar dövrə - BMU-nun yaradılmasının 5 illiyi, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin yubileyi ərəfəsinə təsadüf etdiyini söyləyib. O, 5 il ərzində universitetin müxtəlif istiqamətlərdə, o cümlədən mühəndislik və iqtisadiyyat sahələrində sayca 15 beynəlxalq konfransa ev sahibliyi etdiyini qeyd edib. 30 ildən artıq işğal altında qalan torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində qələbə ilə yekunlaşdığını qeyd edən prorektor iqtisadçıların üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb.
BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov iqtisadiyyat və idarəetmədə problemlər və perspektivlər mövzusunun daima aktuallığını qoruyub saxlayan məsələlərdən biri olduğunu deyib. Tədbirin 8 seksiyada davam edəcəyini söyləyən dekan konfransa daxil olan materiallar sırasında işğaldan azad olunmuş ərazilərin inkişafı ilə bağlı tədqiqatların xüsusi çəkisinin olduğunu vurğulayıb. O, konfransda daha çox gənc tədqiqatçıların iştirakının üstünlük təşkil etdiyini fikirlərinə əlavə edib.
Plenar iclasda BMU-nun Dünya iqtisadiyyatı kafedrasının müdiri, dosent Şəhriyar Muxtarovun “Karbon qiymətləndirmə siyasətinin beynəlxalq rəqabətliliyə təsiri: Azərbaycan nümunəsində” (“The effect of carbon pricing on international competitiveness: Evidence from Azerbaijan”) və həmin kafedranın dosenti Həzi Eynalovun “Post münaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişaf perspektivləri”, İstanbul Universitetinin doktorantı Maqsud Qubadlının “Covid-19 pandemiyasının səyahət meyilliliyinə təsirləri: Azərbaycan nümunəsində empirik təhlil” (“The effects of the Covid-19 pandemic on travel intention: Empirical approach on Azerbaijan case”) mövzusunda məruzələri dinlənilib.
Qeyd edək ki, konfransa Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan və digər ölkələrdən 140-a yaxın məruzə göndərilib və konfransın təşkilat komitəsinin qərarı ilə 100-ə yaxın məruzə proqrama daxil edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi