Bakı Mühəndislik Universitetində (BMU) Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən reallaşdırılan “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vəsaitlərinin hazırlanması” layihəsinin təqdimatı və mövzu üzrə təlim keçirilib.
Tədbirdə çıxış edənlər qlobal müstəvidə informasiya təhlükəsizliyi siyasətinin təmin edilməsinin vacibliyi, ölkədə informasiya sahəsində dövlət siyasəti, bu siyasətdən irəli gələrək ixtisasa yeni yanaşmanı şərtləndirən amillər haqda ətraflı məlumat veriblər. Qeyd olunub ki, layihə əsasında üç fənn (İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri, veb təhlükəsizliyi və şəbəkə təhlükəsizliyi) üzrə müxtəlif mövzular əsasında tədris materialları hazırlanıb.
Çıxışlarda kiberməkan və hüquq, kiberhüququn mənbələri, kritik informasiya infrastrukturu (Kİİ), Kİİ təhlükəsizliyinə dair ümumi və xüsusi tələblər, Kİİ təhlükəsizliyi üzrə fəaliyyətin təşkili məsələlərinə toxunulub. Eyni zamanda “Kibercinayətlər və onlara qarşı mübarizə”, “Fərdi məlumatların mühafizəsi”, “Veb təhlükəsizliyi və şəbəkə təhlükəsizliyi” mövzusunda təqdimatlar edilib.
Auditoriya ilə interaktiv formatda davam edən tədbirdə tələbələr kibertəhlükəsizilik və informasiya təhlükəsizliyi anlayışları arasında əsas ümumi və fərqli xüsusiyyətləri səciyyələndiriblər. Həmçinin onları maraqlandıran suallara AKTA əməkdaşları tərəfindən aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi