Bakı Mühəndislik Universitetində (BMU) “Corc Vaşinqton və ADA universitetlərinin ikili diplom magistr ixtisasları” mövzusunda məlumat sessiyası keçirilib.
Sessiyada çıxış edən ADA Universitetinin əməkdaşı Günel Muxtarova proqram haqqında tələbələrə geniş məlumat verib. Bildirib ki, peşəkar inkişaf, texnoloji bacarıqların artırılması, dünya təhsil təcrübəsi, mədəniyyətlərarası dialoq, nüfuzlu şirkətlərlə tanışlıq imkanı verən bu proqram bütün universitetlərin tələbə və məzunlarına magistr təhsili üçün şans yaradır. Universitet əməkdaşı proqrama qəbul şərtləri, müraciət qaydaları, ingilis dili üçün qoyulan tələblər və.s haqqında zəruri məlumatları diqqətə çatdırıb. Əlavə edib ki, proqramı qazanan tələbələr təhsillərini həm Vaşinqtonda, həm də Bakıda alacaq, o cümlədən hər iki universitetin professor-müəllim heyəti tərəfindən biliklər öyrənmək imkanına mailk olacaqlar.
Sonra Corc Vaşinqton Universitetinin Elektrik və Kompüter Mühəndisliyi Departamentinin professoru Tarek El-Qazavi fəaliyyət göstərdiyi universitet haqqında təqdimatla çıxış edib. Corc Vaşinqton Universitetinin texniki ixtisaslar üzrə potensialı, tədris proqramları, professor-müəllim heyəti barədə informasiyaları təqdim edən Tarek El-Qazavi müasir dövrdə rəqəmsallaşmaya təlabatın artdığını, dünyada demək olar bütün şirkətlərin bilik, data, informasiya texnologiyaları əsasında işlədiyini, bu baxımdan kompüter infrastrukturunun qurulması, yenilənməsinin öyrənmə tələb etdiyini vurğulayıb. Professor deyib ki, Corc Vaşinqton və ADA universitetlərinin ikili diplom magistr ixtisasları üzrə əməkdaşlığı tələbələrə xaricdə sənayeni və onun tələblərini daha dərindən öyrənmək, peşəkarlarla əlaqə, o cümlədən güclü karyera qurmaq imkanı yaradır və nəticə etibarilə bu kadrların əmək bazarında rəqabət üstünlüyünü təmin edir.
Məlumat sessiyasının sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi