Bakı Mühəndislik Universitetində (BMU) Türkiyənin memarlıq sahəsində aparıcı ali təhsil ocaqları ilə birgə “IArcSAS” 2-ci Beynəlxalq memarlıq elmləri və təcrübələri” simpoziumu işinə başlayıb. Hibrid formada təşkil olunan simpozium Türkiyə, Yaponiya, Ukrayna, Qazaxıstan və Azərbaycanı pedaqogika, tədqiqat və ictimai proqramlaşdırma sahələri ətrafında birləşdirən İKSAD (İqtisadi İnkişaf və Sosial Araşdırmalar) təşkilatı, Türkiyənin Texniki və Politexnik Tədqiqatlar, İnkişaf və Tətbiq Assosiasiyası (TP.RDiA), Ankara Dizayn və Planlaşdırma Akkreditasiya Dərnəyi (TAPLAK), Sekizgen Akademiyası, Türkiyənin “Netcad” şirkəti, Memarlar Palatasının İsparta nümayəndəliyinin dəstəyi, Türkiyənin "Arxitektura bilikləri və proqramları" jurnalının təşkilatçılığı ilə keçirilir. Memarlıq və arxitektura elmləri sahəsində qabaqcıl tədqiqatların təqdim edilməsi, qarşılıqlı təcrübələrin bölüşdürülməsi məqsədilə təşkil olunan “IArcSAS” beynəlxalq səviyyəli platformadır.
“IArcSAS” Təşkilat Şurasının prezidenti, "Arxitektura bilikləri və proqramları" jurnalının baş redaktoru, professor Atilla Gül açılış niqtində simpoziumun əhəmiyyətindən danışıb. Bildirib ki, XXI əsrdə texnoloji inkişaf və yeniliklərin nəticəsi kimi baş verən dəyişikliklər urbanizasiya və məskunlaşma problemlərini gündəmə gətirir, bu isə öz növbəsində arxitektura, memarlıq sahəsinin üzərinə böyük öhdəliklər qoyur. Yaranan aktual məsələlərin həlli istiqamətində qarşılıqlı təcrübə mübadiləsinin vacibliyinə diqqət çəkən Atilla Gül simpoziuma Türkiyə, Əlcəzair, Azərbaycan, İran, İsrail, İraq, İtaliya, Qazaxıstan, Makedoniya, Moldova, Misir, Efiopiya, Finlandiya, Gürcüstan, İndoneziya, Hindistan, Mərakeş, Nigeriya, Pakistan, Portuqaliya, Filippin, Rumıniya, Serbiya, Cənubi Afrika, Tunis nümayəndələrinin qatıldığını və bu iştirakın ümumilikdə “IArcSAS” – ın işinə fayda və töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra BMU-nun rektoru, professor Havar Məmmədov çıxış edib. Azərbaycan, o cümlədən qədim Şərq memarlığının keçdiyi tarixi inkişaf yolu haqqında qonaqlara ətraflı məlumat verən rektor dünya memarlığı xəzinəsində memarlıq sənətimizin əhəmiyyətli yer tutduğunu diqqətə çatdırıb. Yüzillik tarixə söykənən, milli sərvətimiz İçərişəhər, orta əsr şəhər mədəniyyətini təcəssüm etdirən Şirvanşahlar sarayı kompleksi, Qobustanın ən qədim yaşayış yerləri və digər mədəni irsi nümunələrimizdən söz açan Havar Məmmədov müasir günümüzdə Bakıda Avropa və Şərq memarlığının sintezi əsasında ucaldılmış binalar sırasına daimi yeniləşmə rəmzi kimi modern üslublu nadir memarlıq abidələrinin əlavə edildiyini, bununla da böyük quruculuq yolunda inamla irəliləyən Azərbaycanın inkişafına, tarixi-mədəni irsimizin bərpası və gələcək nəsillər üçün qorunub saxlanılmasına mühüm töhfələr verildiyini vurğulayıb. Erməni vandalizminə məruz qalan tarix-memarlıq abidələrimizdən danışan rektor Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə arxeoloji, mədəni və dini abidələrin bərpası və konservasiyası üçün konkret işlərə başlanıldığını, həmin ərazilərdə müasir memarlıq üslubu əsasında yeni tikililərin yaradılacağını növbəti nailiyyətlərimiz kimi dəyərləndirib.
Havar Məmmədov çıxışında gələcək memarların yetişdirilməsi üçün BMU-da görülən işlərə də toxunub, universitetin Memarlıq və İnşaat Fakültəsinin bu istiqamətdəki uğurlu fəaliyyətini vurğulayıb. BMU məzunlarının da gələcək mütəxəssislər olaraq, Azərbaycan memarlıq tarixinə töhfə verəcəklərinə ümid etdiyini deyən rektor simpoziumun işinə uğurlar arzulamaqla çıxışını tamamlayıb.
Daha sonra Türkiyənin Texniki və Politexnik Tədqiqatlar, İnkişaf və Tətbiq Assosiasiyasının prezidenti, professor Şirin Gülcen Eren, İsparta Arxitektorlar Palatasının sədri, Baş memar Caner Ataseven, BMU-nun Memarlıq və inşaat fakültəsinin dekanı Afər Əlifov, Ankara Dizayn və Planlaşdırma Akkreditasiya Dərnəyinin İdarə Heyətinin üzvü, professor Şükran Şahin, İKSAD-ın Azərbaycan üzrə baş təmsilçisi Əlvan Cəfərov, “Netcad” şirkətinin təmsilçisi Orxan Hacıyev çıxışlarında memarlığın aktual problemləri və həlli yolları ilə bağlı fikirlərini bildiriblər.
Simpozium digər məruzələrin dinlənilməsi ilə işini davam etdirib.
Beynəlxalq toplantıda BMU, Azərbaycan Memarlıq və İnşaat Universitetinin mütəxəssisləri ilə yanaşı, Monteneqro Universiteti, Polşanın Varşava Universiteti, Türkiyənin Onsekiz Mart Universiteti, Ege Universiteti, Eskişehir Texniki Universiteti, Qazi Universiteti, İstanbul Okan Universiteti, Qara Dəniz Texniki Universiteti, İzmir İqtisadiyyat Universiteti, Konya Necmettin Erbakan Universiteti, Tekirdağ Namiq Kamal Universiteti və s. tanınmış ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edir.
37 sessiyadan ibarət simpozium proqramına 24 ölkənin 100-ə yaxın universitetindən 200-ə yaxın məruzə daxil ediib. Tədbirdə bir çox sahələr üzrə mövzular, o cümlədən planlaşdırma, dizayn, sosiologiya, turizm, iqlim dəyişikliyi, ağıllı və ekoloji şəhərlər, texnologiya, memarlıq elmlərinin gələcəyi, iqtisadiyyat və s. istiqamətləri əhatə edən məruzələr dinləniləcək. Məruzələr “e-Simpozium Kitabı”nda, bir sıra elmi jurnallarda, o cümlədən “Memarlıq elmləri və təcrübələri” jurnalı, “Journal of Interior Architecture and Academy”, “Journal of Spatial Planning and Design”, Türkiyə Peyzaj Araşdırmaları jurnalı və s. mənbələrdə nəşr olunacaq.
“IArcSAS” 2-ci Beynəlxalq memarlıq elmləri və təcrübələri” simpoziumu 11 sentyabr tarixində öz işini yekunlaşdıracaq.
İctimaiyyətlə əlaqələr şöbəsi