Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və inşaat fakültəsinin memarlıq, şəhərsalma və dizayn ixtisaslarında təhsil alan I kurs tələbələrinin valideynləri ilə görüş keçirilib. Ənənəvi olaraq, hər il gerçəkləşdirilən görüş valideynlərin təhsil müəssisəsi ilə yaxından tanışlığı, tələbələrin hərtərəfli inkişafında müəllim-valideyn vəhdətinin gücləndirilməsi məqsədi daşıyıb.
Tədbirdə Memarlıq və inşaat fakültəsinin dekanı, dosent Afər Əlifov valideynlərə bu qəbildən olan görüşlərin təşkilinin həm tələbə, həm də müəllim heyəti üçün böyük əhəmiyyət daşıdığını, müəllim-valideyn münasibətlərinin davamlı olmasının tələbələrin inkişafının uğurlu təməllər üzərində qurulmasına xidmət etdiyini bildirib.
Memarlıq və şəhərsalma kafedrasının müdiri Sabir Orucov, Dizayn kafedrasının müdiri Vaqif Məmmədov, kafedranın əməkdaşları - Yasin Xəlilov, Tünzalə Məmmədzadə görüşün önəmi ilə bağlı fikirlərini bölüşüblər. Eyni zamanda valideynlərə BMU-da təhsil mühiti, tədris olunan ixtisaslar, o cümlədən Memarlıq və inşaat fakültəsi haqqında geniş məlumat verilib.
Səmimi atmosferdə keçirilən görüşdə valideynləri maraqlandıran suallara aydınlıq gətirilib.
Çıxış edən valideynlər BMU-da yaradılan təhsil mühiti ilə bağlı fikirlərini nəzərə çatdırıb, tələbələrə göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər.
Görüşdə Şəhərsalma ixtisası üzrə təhsil alan I kurs tələbəsi Aysu Cəbrayılovanın ifasında “Qarabağ” mahnısı dinlənilib.
Sonda tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi