Bakı Mühəndislik Universitetində (BMU) “Gələcək üçün bacarıqlar” layihəsinin “Tusi(2C)” proqramı çərçivəsində maarifləndici tədbir təşkil olunub. Bu məqsədlə universitetdə xüsusi stend yaradılıb və tələbələrə layihə ilə bağlı informasiyaların əks olunduğu bukletlər paylanılıb. Bununla yanaşı, qeydiyyatdan keçərək proqrama qoşulmaq istəyənlər üçün interaktiv lövhə də quraşdırılıb.
Tədbir zamanı layihənin menecerləri tələbələrlə söhbətlər aparıb və onlara Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən layihənin ikinci komponenti olan İnkubasiya proqramı haqqında ətraflı məlumatlar veriblər. Qeyd edilib ki, proqramın əsas məqsədi ölkədə innovasiya fəaliyyətinin davamlılığının təmin olunması, innovativ ideyaların inkişaf etdirilməsi, həmçinin tələbələrin innovasiya və startap üzrə biliklərinin artırılmasıdır. 6 ay davam edəcək inkubasiya proqramında bir sıra təlimlərin, xarici və yerli ekspert görüşlərin, sahələr üzrə səfərlərin, müxtəlif “camp”lərin, eləcə də “Pitch Day”-in keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Eyni zamanda, proqram haqqında tələbələri maraqlandıran suallar cavablandırıb.
İnkubasiya proqramına qoşulmaq üçün shorturl.at/chAD6 linkinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Son müraciət tarixi 25 fevral 2022-ci ildir.
Qeyd edək ki, layihə çərçivəsində keçirilən maarifləndirici tədbir ilk olaraq BMU-da gerçəkləşib.
İctimaiyyətlə əlaqələr şöbəsi