BMU-da Erasmus+ KA1 mübadilə proqramı barədə məlumat sessiyası keçirilib

BMU-da Erasmus+ KA1 mübadilə proqramı barədə məlumat sessiyası keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Erasmus+ KA1 mübadilə proqramı haqqında məlumat sessiyası keçirilib.

BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Nərmin Ələkbərova Erasmus+ KA1 mübadilə proqramı haqqında ümumi məlumat verib. Proqramın Avropa Birliyi tərəfindən maliyyələşdirildiyini bildirən N.Ələkbərova mübadilə proqramının müddəti, müsabiqədə iştirak etmək üçün əsas şərtlər və tələb olunan sənədləri iştirakçıların diqqətinə çatdırıb. O, eyni zamanda müsabiqənin mərhələlərindən, müsabiqədə qalib olanlara maliyyə dəstəyindən də söz açıb. N.Ələkbərova çıxışında BMU-nun Erasmus+ KA1 mübadilə proqramında 2020/2021-ci tədris ilində iştirak etmiş BMU-nun müəllim və tələbə heyətinin statistikasını açıqlayıb.

Daha sonra BMU-nun Erasmus + KA1 mübadilə proqramı çərçivəsində xaricdə təhsil alan və təhsilini hazırda davam etdirən tələbələr çıxış ediblər.

Qeyd edək ki, BMU-nun Memarlıq və inşaat fakültəsinin magistr tələbəsi  Orxan Göyüşov İtaliyanın Turin Politexnik Universitetində təhsil alıb. İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbəsi-Adikə Paşayeva Almaniyanın Koblenz Universitetində, Mühəndislik fakültəsinin III kurs tələbələri Ayşəm Kazımlı və Tariyel Mənsimov isə hazırda İspaniyanın Jaen Universitetində təhsillərini davam etdirirlər.

Onlar öz çıxışlarında mübadilə proqramına müraciət etdikləri zaman, həmçinin xaricdə təhsil müddətində öz təcrübələrini bölüşüblər.

Məlumat sessiyasını linkə daxil olaraq izləmək mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər