Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.
BMU-nun rektoru, professor Havar Məmmədov iclas iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
Rektor 2021-ci ilin dövlətimiz üçün uğurlu olduğunu, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin nəticələrinin daha da möhkəmləndiyini, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə qarşısında duran bütün vəzifələrin müvəffəqiyyətlə icra edildiyini bildirib.
Ölkə Prezidentimizin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə 2021-ci ildə təhsil sahəsində həyata keçirilən mühüm tədbirləri nəzərə çatdıran rektor bu ay imzalanan müvafiq sərəncamlarla elm adamlarının, müəllimlərin, tələbələrin sosial müdafiəsinin gücləndirildiyini fikirlərinə əlavə edib.
İl ərzində BMU-da bir sıra yeniliklərin tətbiq olunduğunu vurğulayan Havar Məmmədov təhsilin keyfiyyətinin yüksəldilməsinə, elmi fəaliyyətin gücləndirilməsinə, insan resurslarının inkişafına, müəllimlərin iş şəraitinin daha da yaxşılaşmasına xidmət edən tədbirlərə toxunub. Rektor mövcud pandemiya şəraitində tələbələrin tədrisinin təşkilinin xüsusi diqqət mərkəzində saxlanıldığını, təlim-tədris prosesinin yüksək səviyyədə təşkil olunduğunu söyləyib.
Sonra iclasda universitetin Pedaqoji fakültəsinin dekanı, dosent Elşad Abdullayevin “Pedaqoji fakültədə tədris, elmi-tədqiqat və tərbiyə işlərinin təşkili”, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Manafəddin Namazovun “İkili diplom dövlət proqramı üzrə kadr hazırlığının vəziyyəti” mövzularında hesabatları dinlənilib.
Toplantıda Elmi Şura üzvlərinin, tədrislə bağlı müvafiq struktur rəhbərlərinin hesabatlarla, həmçinin gündəlikdə duran müxtəlif məsələlərlə bağlı fikirləri dinlənilib, müvafiq qərarlar qəbul edilib, struktur rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar verilib.
Elmi Şuranın iclasında eyni zamanda, BMU əməkdaşlarının əməkhaqlarının qaldırılması haqqında qərar qəbul olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi