Əlcəzair Xalq Demokratik Respublikasının Naama Universitet Mərkəzinin rektoru Səfi Həbib Bakı Mühəndislik Universitetində (BMU) olub.
Tanışlıq və əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə təşkil olunan görüşdə BMU rektoru Yaqub Piriyev qonağa universitet haqqında zəruri informasiyaları çatdırıb. Rektor ali təhsilin bütün səviyyələrində kadr hazırlayan BMU-da yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün gerçəkləşdirilən yeniliklər barədə məlumat verib, eyni zamanda universitetin beynəlxalq əlaqələrinə, “QS Avropa 2025” kimi nüfuzlu reytinq cədvəllərində uğurlu nəticələr əldə etməsinə toxunub.
Naama Universitet Mərkəzinin rektoru Səfi Həbib öz növbəsində təmsil etdiyi təhsil ocağı haqqında məlumat verib, BMU ilə əlaqələrin inkişaf etdirilməsinə maraqlı olduqlarını vurğulayaraq gələcək əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.
Tərəfləri maraqlandıran konkret istiqamətlər üzrə geniş fikir mübadiləsindən sonra Səfi Həbib BMU-nun kampusu, Texnoparkı, həmçinin informasiya və kommunikasiya texnologiyaları, kimya və mexanika laboratoriyaları ilə tanış olub, burada yaradılan innovativ mühiti, eləcə də maddi-texniki bazanı yüksək qiymətləndirib.
Sonda BMU və Naama Universitet Mərkəzi arasında əməkdaşlığın həyata keçirilməsi üçün müvafiq addımların atılması qərara alınıb.
İctimaiyyətlə əlaqələr şöbəsi