Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin Azərbaycan dili və pedaqogika kafedrasının təşkilatçılığı ilə 21 fevral-Beynəlxalq Ana Dili Gününə həsr edilmiş elmi-nəzəri seminar keçirilib.
Universitetin elmi işlər üzrə prorektoru Elçin Süleymanov Azərbaycan dilinin saflığının qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbir və proqramlardan söz açıb.
Fakültənin dekanı Elşad Abdullayev seminarın mahiyyəti, doğma dilimizin qorunması ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Təranə Hacıyeva öncə hər il bütün dünyada qeyd edilən Beynəlxalq Ana Dili Gününün təsis olunmasını şərtləndirən tarixi hadisədən danışıb.
Azərbaycan dilinə münasibəti dəyişən tarixi-siyasi mərhələlər, o cümlədən dilimizin yaşaması üçün mütəfəkkir alimlərin fəaliyyəti haqda seminar iştirakçılarını ətraflı məlumatlandıran T.Hacıyeva qloballaşma şəraitində dilimizə münasibət, onun qorunması və inkişafı üçün atılan addımları vurğulayıb. Ədəbi dilin norma və qaydalarının pozulması ilə bağlı problemlərə də diqqət çəkən kafedra müdiri, xüsusən alınma sözlərin dilimizə nüfuz etməsi sayəsində vurğu və tələffüz proseslərinə aydınlıq gətirib.
Adıçəkilən kafedranın professoru Akif Hüseynov isə çıxışında ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı fikirlərini bildirib.
Seminar mövzu ilə bağlı müzakirələrlə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi