Bakı Mühəndislik Universitetində (BMU) “Bahar çiçəkləri” adlı fərdi yaradıcılıq sərgisi keçirilib.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan sərgidə universitetin Memarlıq və inşaat fakültəsinin Dizayn kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqinin üzvü, Prezident mükafatçısı Əfşan Əsədovanın əsasən Vətənin tərənnümünə, bahar motivlərinə həsr olunan 60-a yaxın batika və rəngkarlıq əsərləri nümayiş olunub.
Tədbirin açılışında çıxış edən BMU-nun rektoru Yaqub Piriyev xanım iştirakçılara bayram münasibətilə ən xoş təbriklərini çatdırıb.
Sərginin az qala unudulmuş batika kimi sənət əsərlərinin yenidən canlandırılması və tələbələrə tanıdılması baxımından əhəmiyyətli olduğunu vurğulayan rektor çıxışında gələcək nəsillərə mühüm hadisələrlə bağlı fikirlərin çatdırılmasında incəsənətin xüsusi rolunu qeyd edib. Eyni zamanda Azərbaycan rəssamlıq sənətinə böyük töhfələr verən sənətkarlar, o cümlədən boyakar, qrafik, rəssam və heykəltaraşlar arasında xanımların da özünəməxsus yer tutduğunu diqqətə çatdırıb.
Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Memarlıq kafedrasının müdiri Sabir Orucov, Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadə, Əməkdar incəsənət xadimi, muzeyşünas Məhəbbət Mehdiyeva və digər qonaqlar sərgi ilə bağlı fikirlərini bildiriblər.
Sonra nümayiş olunan əsərlərə baxış keçirilib. Tətbiqi incəsənətin qədim növlərindən olan və böyük milli ənənələrə malik batika sənətinin fərqli bir biçimdə təqdim edilməsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi