Bakı Mühəndislik Universitetində (BMU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
Faciə qurbanlarının xatirəsi yad olunduqdan sonra çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız soyqırımı aktı həyata keçirilib və minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib.
Həmin dövrdəki hadisələrdən ətraflı bəhs edən rektor vurğulayıb ki, Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba, həmçinin digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik, dini mənsubiyyətinə görə qətl edilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan olunub. Azğınlaşmiş erməni millətçilərinin qeyri-insani əməllərini davam etdirdiyini, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar, etnik təmizləmə həyata keçirdiklərini xatırladan Havar Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mart hadisələrinə diqqət yetirilib və bu tarix iki dəfə ümummilli matəm günü kimi qeyd edilib. Rektor bildirib ki, Xalq Cümhuriyyətinin süqutundan sonra baş verənlərin sona qədər tədqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb, sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə cəhdlər göstərilib. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan Prezidenti, xalqımızın Ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplandığını qeyd edən rektor aparılan tədqiqatlar nəticəsində Quba şəhərində tapılan kütləvi məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğunun müəyyən edildiyini nəzərə çatdırıb. Havar Məmmədov ərazidə Quba Soyqırımı Memorial Kompleksinin yaradılıdığını 2013-cü il Azərbaycan Prezidenti cənab İlham Əliyevin mərasimdə iştirak etdiyini vurğulayıb.
Havar Məmmədov çıxışında 1992-ci ildə Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı aktının baş verdiyini yada salaraq deyib ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri cinayətlər yerdə qalmayıb. Ötən ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, günahsız qurbanların qısasının alındığını bildirən rektor vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında Ermənistanın 30 il davam edən işğalına son qoydu.
Çıxışının sonunda rektor gənc nəslin xalqımızın keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmasını, bu hadisələrin baş vermə səbəblərini daha dərindən öyrənməsinin vacibliyindən danışıb.
Sonra BMU-nun Ümumi fənnlər kafedrasının müdiri, dosent Bilal Dədəyev 31 mart hadisələri ilə bağlı tarixi faktları əks etdirən məruzə ilə çıxış edib.
İctimaiyyətlə əlaqələr şöbəsi