BMU-da ATS Food MMC nümayəndələrinin iştirakı ilə karyera tədbiri

09 Oktyabr 2025
BMU-da  ATS Food MMC nümayəndələrinin iştirakı ilə karyera tədbiri

Bakı Mühəndislik Universitetində (BMU) ATS Food MMC nümayəndələrinin iştirakı ilə tələbələrin peşəkar inkişafına və sənaye ilə əlaqələrinin gücləndirilməsinə yönələn karyera tədbiri keçirilib.

Tədbirə BMU-nun elektrik və elektronika, energetika, mexanika, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının tələbələri qatılıblar. Tədbirin əsas məqsədi gənclərin sənaye mütəxəssisləri ilə birbaşa təmas qurmaları, əmək bazarının tələbləri, real istehsalat prosesi barədə məlumat almaları, həmçinin təcrübə və iş imkanlarını dəyərləndirmələri olub.            

BMU-nun Mühəndislik fakültəsinin dekanı Asif Quliyev çıxış edərək mühəndislik ixtisaslarının inkişaf istiqamətləri, sənaye əməkdaşlığının əhəmiyyəti, tələbələrin praktiki biliklərinin artırılması sahəsində görülən işlər barədə danışıb.

Universitetin Müəssisələrlə əlaqələr və karyera mərkəzinin müdiri Gülçöhrə İbrahimova da çıxışında tələbələrin istehsalat təcrübəsi və məşğulluğunun dəstəklənməsi istiqamətində həyata keçirilən layihələri diqqətə çatdırıb.  

Sonra ATS Food MMC-nin Təlim, İnkişaf və İşə Qəbul şöbəsinin müdiri Namiq Mustafayev şirkətin fəaliyyəti, təcrübə və iş imkanları ilə bağlı məlumat verib. ATS Food tərəfindən həyata keçirilən “Davamçıların yetişdirilməsi” layihəsindən danışan N.Mustafayev bildirib ki, məqsəd gənc istedadları müəyyənləşdirmək, onların bilik və bacarıqlarını inkişaf etdirmək və əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihə çərçivəsində 3-cü kurs tələbələri müəssisələrdə təcrübə keçərək müasir istehsalat prosesləri və avadanlıqları ilə yaxından tanış olacaqlar. Təcrübə mərhələsini uğurla başa vuran tələbələr şirkət tərəfindən işlə təmin olunmaq imkanı əldə edəcəklər.

Tədbirin sonunda MMC nümayəndələri təcrübə və iş imkanlarında iştirak etmək arzusunda olan tələbələrlə fərdi müsahibələr aparıblar. Müsahibələr zamanı tələbələr şirkətin fəaliyyət istiqamətləri, seçim meyarları və layihəyə qəbul prosesi barədə suallarını ünvanlayıblar. 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər