Bakı Mühəndislik Universitetində (BMU) dünyada minatəmizləmə fəaliyyəti ilə seçilən APOPO təşkilatının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə rektor Yaqub Piriyev Azərbaycan dövlətinin Ermənistanın təcavüzkar siyasəti nəticəsində dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer aldığını qeyd edib. Rektor işğal dövründə Qarabağ və Şəqri Zəngəzur ərazilərində Ermənistan tərəfindən təxminən 1 milyondan artıq minanın basdırıldığı, ölkəmizə qarşı hərbi təcavüzün başladığı dövrdən indiyədək 3435 Azərbaycan vətəndaşının minalardan zərər çəkdiyini bildirib. Eyni zamanda mina qurbanlarının sayı ilə bağlı statistikanı vurğulayıb.
Azərbaycanın müstəqillik illərində minatəmizləmə sahəsində böyük işlər həyata keçirməsinə diqqət çəkən rektor Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və müvafiq Sərəncamı ilə 26 il əvvəl Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin yaradıldığını söyləyib. Bu istiqamətdə başladılan məqsədyönlü fəaliyyətin və dövlət siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini deyən rektor agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradıldığını, atılan addımlar nəticəsində ölkəmizdə işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxunun daxili resurslar hesabına aparıldığını nəzərə çatdırıb.
44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı ordumuzun qazandığı qələbədən sonra işğaldan azad olunmuş ərazilərin minalardan, partlamamış hərbi sursatdan təmizlənməsi istiqamətində çoxşaxəli işlərin gerçəkləşdirdiyini söyləyən Yaqub Piriyev bu fəaliyyətə APOPO kimi tanınmış təşkilatın da töhfə verdiyini qeyd edib.
Çıxışdan sonra APOPO-nun proqram meneceri İtamar Levy “Müharibədən sonrakı partlayıcı çirklənmə və humanitar minatəmizləmə üsulları” mövzusunda təqdimatla çıxış edib. Təşkilatın tarixi, inkişaf mərhələləri, fəaliyyət istiqamətləri haqda məlumat verən məruzəçi APOPO-nun Azərbaycandakı fəaliyyəti haqda danışıb. Proqram meneceri qeyd edib ki, ANAMA ilə əməkdaşlıq edən APOPO-nun işğaldan azad olunmuş ərazilərdə, əsasən Cəbrayıl, Ağdam və Tərtər istiqamətində 4 minatəmizləmə qrupu fəaliyyət göstərir.
Tədbirdə heyvanlar (itlər və siçovullar) vasitəsilə minatəmizləmə fəaliyyəti nümayiş etdirilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi