Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkı, “Center of Agile Communication” MMC və “Yeni Fikir” MMC-nin birgə layihəsi olan “Rəqəmsal transformasiyada tədqiqat və inkişaf meneceri” adlı akselerasiya proqramı çərçivəsində infosessiya keçirilib.
Tədbirdə BMU Texnoparkının direktoru İsa Qasımov və “Center of Agile Communication” MMC-nin təsisçisi Anar Rüstəmov akselerasiya proqramının məzmunu və üstünlükləri haqda məlumat veriblər.
Qeyd edilib ki, bilik iqtisadiyyatının, o cümlədən III nəsil universitetlərin başlıca hərəkətverici qüvvəsi hesab olunan tədqiqat və inkişaf menecerlərinin hazırlanması getdikcə aktuallaşır. Akselerasiya proqramı da qlobal, regional və lokal bazarda cərəyan edən tendensiyaları nəzərə alaraq gerçəkləşdirilir.
Cari ilin may-sentyabr aylarını əhatə edən proqram çərçivəsində ilk növbədə təlimçilərin təlimi prosesi həyata keçiriləcək. BMU-nun professor-müəllim heyətinin cəlb edildiyi proqram nəzəri və praktiki hissələrdən ibarət olmaqla, intensiv formada təşkil ediləcək. Prosesin davamında hər bir iştirakçının fərdi və ya komanda formasında layihələrinin inkişaf etdirilməsi nəzərdə tutulub. Hazırlanacaq tədqiqat və inkişaf menecerləri universitet ilə sənaye arasında səmərəli dialoqun formalaşmasına, eləcə də biznesə effektiv həll yolları təklif edən layihələrin hazırlanmasına nail ola biləcəklər.
Professor-müəllim heyətinin peşəkar inkişafına hesablanmış proqram çərçivəsində hansı istiqamətlər üzrə təlimlərin təşkilinə gəldikdə isə buraya “Biznes dünyasının tələblərinin analizi üçün zəruri bilik və bacarıqların qazanılması”; “Biznesin tələblərinə cavab verən tədqiqat suallarının (Research Questions) tərtibi”; “Doktorant (PhD) və magistr tələbələri üçün tədqiqat isitqamətinin təyini”; “Prosesin layihələndirilməsi, o cümlədən ideyanın formalaşması və biznes planın hazırlanması”; “Magistr və bakalavr tələbələri üçün tədris olunacaq fənlərin tematik planının hazırlanması” və s. aiddir.
İctimaiyyətlə əlaqələr şöbəsi