Bakı Mühəndislik Universitetində (BMU) AIESEC beynəlxalq təşkilatının təcrübə proqramları haqqında məlumatlandırıcı tədbir keçirilib.
Tədbirin təşkilində məqsəd “Global Volunteer”, “Global Talent” və “Global Teacher” təcrübə proqramları barədə tələbələrə zəruri informasiyaları çatdırmaq olub. Bununla bağlı universitetdə xüsusi stend yaradılıb, təcrübə proqramlarına aid məlumatları özündə əks etdirən bukletlər paylanılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tələbələrə “AIESEC Azərbaycan” təşkilatının nümayəndələri tərəfindən təcrübə proqramlarının hər biri barədə ayrı-ayrılıqda ətraflı informasiyalar təqdim edilib. Qeyd olunub ki, “Global Volunteer” BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzərində əsaslanmış könüllü təcrübə proqramıdır. Proqramda iştirak edərək beynəlxalq komandada işləmək və praktiki təcrübə qazanmaq mümkündür.
Digər təcrübə proqramı olan “Global Talent” qlobal şəraitdə peşəkar karyera inkişafına yönəlmiş gənclər üçün iş imkanlarını təmin etməyi hədəfləyib. Vurğulanıb ki, təcrübə proqramına qoşulmaqla müxtəlif ölkələrdən gələn insanlarla ünsiyyətdə olmaq, akademik bilikləri və liderlik bacarıqlarını inkişaf etdirmək, beynəlxalq mühitdə professional şəkildə çalışmaq, həmçinin şirkət və startaplarda işləmək mümkündür.
“Global Teacher” proqramı isə gənc müəllim namizədlərə tədris sahəsi ilə bağlı olan bilik və bacarıqları artırmaq, xarici ölkələrin təhsil sistemi ilə daha yaxından tanış olmaq imkanı yaradır.
AIESEC dünyanın 126-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatıdır. 2006-cı ildən bəri Azərbaycanda fəaliyyət göstərən təşkilat BMU ilə əməkdaşlığını artıq 4 aydır ki davam etdirir. Yaxın zamanda təcrübə proqramları ilə bağlı birgə müxtəlif infosessiyaların keçirilməsi planlaşdırılır.
İctimaiyyətlə əlaqələr şöbəsi