BMU-da 22 xarici ölkədən olan tələbələr təhsil alır

08 Oktyabr 2021
BMU-da 22 xarici ölkədən olan tələbələr təhsil alır

 

Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq arenada tanınması işlərinin daha da gücləndirilməsi müxtəlif ölkə vətəndaşlarının diqqətini cəlb edib. Belə ki, 2021/2022-ci tədris ilində təhsil alan əcnəbi tələbələr sırasına yeni ölkələrin vətəndaşları qatılıb. Xüsusilə Yəmən, Pakistan, Şri-Lanka, Sudan və digər ölkələrin vətəndaşları BMU-da təhsil almağa maraq göstəriblər. Eyni zamanda, universitetdə tədrisin əsasən ingilis dilində olması və fərqli ixtisas proqramlarının mövcudluğu bu marağın artmasının əsas səbəblərindəndir. Ümumilikdə isə BMU-da 22 xarici ölkədən olan tələbələr bakalavr, magistr və doktorantura təhsili alır.

BMU-da fərdi şəkildə müraciət edən və ya Dövlət İmtahan Mərkəzi (DİM) yolu ilə qəbul olan tələbələrlə yanaşı, Təhsil Qrantı (TQP) və Hökumətlərarası Təhsil proqramları (HTP) çərçivəsində daxil olan tələbələr də təhsil alır.  İslam Əməkdaşlıq Təşkilatına (İƏT) və Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi qərarına əsasən ölkəmizdə ali təhsil almaq üçün müraciət edən müvafiq üzv dövlətlərin vətəndaşları BMU-nu seçib və daxili qəbul prosedurlarını da uğurla adlayaraq universitetin tələbələri sırasına qoşulublar. Həmin ölkələr sırasında Mərakeş, Anqola, Namibiya və Benin mövcuddur. Bununla yanaşı, universitetdə HTP çərçivəsində Qazaxıstan vətəndaşı da təhsil alır.

Universitetə xarici tələbələrin qəbul prosesi əcnəbi tələbələrin qəbulu üzrə komissiya tərəfindən icra olunur. Komissiyada tələbənin müraciətinə baxılır, sənədləri yoxlanılır, müsahibədən keçirilir və ən sonda müvafiq qərar qəbul edilir.

Məlumat üçün bildirək ki, BMU-ya müraciət edən əcnəbi tələbələrə ilk gündən müvafiq dəstək göstərilir. Onlara sənədlərin hazırlanmasında və ölkəyə gəldikdən sonra yerləşməsində və digər məsələlərdə (əlaqələndirici şəxs-BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əcnəbi tələbələrlə iş üzrə mütəxəssisi Nərmin Qəhrəmanlı (ngahramanli@beu.edu.az)) köməklik edilir.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər