BMU Çində keçirilən nüfuzlu sammitdə təmsil olunur

22 Oktyabr 2025
BMU Çində keçirilən nüfuzlu sammitdə təmsil olunur

Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül Çin Xalq Respublikasında keçirilən “Universitet Tərəfdaşları Sammiti Hangzhou 2025”də (19-22 oktyabr) iştirak edir.

Çinin Beihang Universitetinın təşkilatçılığı ilə baş tutan sammitdə 5 minə yaxın qonaq, 100-dən artıq dünyaca məhşur alim iştirak edir. Tədbirin əsas məqsədi tərəfdaş universitetlər arasında əməkdaşlığın gücləndirilməsi, təhsil mübadiləsinin genişləndirilməsi və qarşılıqlı bərabər imkanların yaradılmasıdır.

Sammitin ilk günündə Şanxay şəhərində “23-cü Beynəlxalq Mütəxəssislərin Mübadiləsi” adlı alt konfrans keçirilib. Tədbirdə universitet rektorları, beynəlxalq əlaqələr üzrə məsul şəxslər, nüfuzlu tədqiqatçılar, aparıcı mütəxəssislər çıxış edərək təhsil sahəsində aktual mövzularda müzakirələr aparıblar.

BMU prorektoru sammit çərçivəsində bir sıra görüşlərə, dəyirmi masalara qatılıb. Görüşlərdə ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi, müəllim-tələbə mübadiləsi mexanizmləri, ikili diplom proqramlarının yaradılması, həmçinin birgə elmi-tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan əlavə, universitetlərarası əməkdaşlıq formatlarının genişləndirilməsi və gələcəkdə həyata keçirilə biləcək yeni təşəbbüslərin müəyyənləşdirilməsi məsələlərinə toxunulub.

Sammit öz işini Hangzhou şəhərində davam etdirir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər