BMU-da enerji sahəsində dayanıqlı inkişaf məqsədlərinə həsr olunan tədbir

21 Oktyabr 2025
BMU-da enerji sahəsində dayanıqlı inkişaf məqsədlərinə həsr olunan tədbir

Bakı Mühəndislik Universitetində (BMU) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) həftəsi çərçivəsində “Enerji və texnologiyanın gələcəyi” adlı tədbir keçirilib.

“Energetiklər Günü”nə həsr olunan tədbirdə çıxış edən BMU-nun Elm və innovasiya şöbəsinin müdiri  Mayis Əzizov qeyd edib ki, belə tədbirlərin təşkilində məqsəd tələbələrdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq istiqamətləri ilə bağlı bilik və anlayış formalaşdırmaq, eləcə də onların bu məqsədlərin həyata keçirilməsində fərdi və kollektiv məsuliyyətini artırmaqdır. O, enerji sahəsində yeni texnologiyaların tətbiqinin, bərpa edilən enerji mənbələrinə keçidin və yaşıl transformasiyanın bu məqsədlərə nail olmaq üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.   

Sonra BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının müdiri professor Ramiz Hümbətov çıxış edərək Azərbaycanın enerji sektorunun keçmişindən, mövcud vəziyyətindən və gələcək inkişaf perspektivlərindən danışıb. Kafedra müdiri ölkəmizin neft-qaz sənayesində qazandığı uğurların, eləcə də alternativ və bərpaolunan enerji mənbələrinə yönəlik siyasətin Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Professor tələbələri belə tədbirlərdə aktiv iştirak etməyə, tədqiqat və innovasiya layihələrinə qoşulmağa çağırıb.  

Tədbirin davamında kafedranın dosenti Nəcəf Orucov “Azərbaycanda energetikanın dayanıqlı inkişaf persprektivləri” mövzusunda məruzəsini təqdim edib. Məruzədə ölkənin enerji sektorunda baş verən əsas yeniliklər, neft-qaz sənayesinin inkişaf tendensiyaları, enerji resurslarının səmərəli idarə edilməsi, yaşıl enerji zolaqlarının yaradılması və alternativ enerji layihələrinin həyata keçirilməsi məsələləri ətraflı izah olunub.

Çıxışlarda həyata keçirilən enerji layihələrindən bəhs olunub və bu layihələrdən əldə olunan gəlirlərin təkcə iqtisadi deyil, həm də sosial rifahın yüksəldilməsinə, sənayenin formalaşmasına və milli təhlükəsizliyin möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.

DİM-in xüsusilə “Sərfəli və təmiz enerji”, “Sənaye, innovasiya və infrastruktur” və “İqlim dəyişikliyi ilə mübarizə” istiqamətlərinə uyğun olaraq həyata keçirilən tədbirin sonunda iştirakçılarla fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.    

İctimaiyyətlə əlaqələr şöbəsi 

Digər xəbərlər