Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasının müdiri Ətrabə Gülün yeni məqaləsi Kubanın “Universidad y Sociedad” elmi jurnalında dərc olunub. Adıçəkilən jurnal “Web of Science” və “Scopus” kimi nüfuzlu məlumat bazalarında indekslənir.
BMU aliminin “Təbiətin mifik dərki və simvolların funksiyası: mifik məntiqin prinsipləri və təbiət simvollarının formalaşma yolları” (Mythical perception of nature and the function of symbols: principles of mythical logic and ways of formation of natural symbols) adlı elmi araşdırması bu sahə üzrə Azərbaycandan xaricdə az sayda dərc olunan məqalələrdən biridir.
Elmi araşdırmanın məqsədi ibtidai insanın mistik şüuruna əsaslanan yaşam təcrübəsinin əslində modern çağın pozitivist düşüncəli insanının abstraktlaşdırma qabiliyyətinin kökündə fakt kimi dayandığını vurğulamaq, modern insanın bəzən bir qədər ironik yanaşdığı bu təcrübənin əslində insanın kulturoloji inkişafında dominant roluna diqqət çəkməkdir. Məqalənin əsasını təbiətin arxetiplər vasitəsilə simvollaşmasının mifik məntiqlə başlaması və təbiətin kultlaşmasında rasional, irrasional, emosional davranışların bir arada iştirak edib, kompleks məzmuna malik olması təşkil edir.
İşıq üzü görən elmi məqalədə L.L.Bruhl və B.Malinovskinin elmi baxışları əsas götürülməklə təbiətin mifik dərkində simvolik prinsiplərdən bəhs olunur.
Təbiətin simvollaşması mexanizminin dərin, fəlsəfi, estetik, eləcə də, mifik məzmunu olan hadisə kimi nəzərdən keçirildiyi məqalənin tam mətnini aşagıdakı linkə daxil olaraq əldə etmək mümkündür: https://rus.ucf.edu.cu/index.php/rus/article/view/2574
Qeyd edək ki, indiyə qədər müxtəlif elmi araşdırmalar aparan Ə.Gül 50-dən çox elmi məqalə, dərslik, dərs vəsaiti və fənn proqramlarının müəllifidir.
İctimaiyyətlə əlaqələr şöbəsi